
04.04.2026
Aprelin 3-də Şirvan Tarix-Diyarşünaslıq Muzeyi və Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Aprel qəhrəmanları – Vətən sizə minnətdardır” adlı sərgi-tədbir keçirilib.
Şirvan Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhid polkovnik-leytenant Rəşad Hüseynovun atası Rəhim Hüseynov, şəhid Zülfüqarlı Zeynalın atası Alim Zülfüqarlı, Aprel döyüşləri şəhidi Rahil Ərəblinin anası Narıngül Ərəbli Aprel döyüşlərinin qələbəyə aparan yolda mühüm mərhələ olduğunu, şanlı zəfərimizin əsasının məhz bu dördgünlük müharibədə qoyulduğunu vurğulayaraq onun tarixi əhəmiyyətindən bəhs ediblər.
Sonda iştirakçılar Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə hazırlanan rəsm və fotolardan ibarət sərgi ilə tanış olublar.