21.10.2025
Gecə Salyan Rayon İcra Hakimiyyəti, YAP Salyan rayon təşkilatı, Mədəniyyət Mərkəzi, Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə baş tutub. Gecədə şairin doğmaları, rayon rəsmiləri, şairlər, yazıçılar, ziyalılar və ictimaiyyət iştirak edib. Çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhərrəm Məmmədov, YAP Salyan rayon təşkilatının məsləhətçisi Vüqar Ağayev, Yazıçılar Birliyinin Muğan bölməsinin sədri Nəbi İbrahimli, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Salyan rayon üzrə nümayəndəsi Şamxal Əhmədov, şair-publisist Zabil Pərviz, Mərkəzi Kitabxananın direktoru Səidə Əliyeva və başqaları azadlıq atəşinin, coşğun azadlıq ehtirasının Xəlil Rza Ulutürk poeziyasının aparıcı motivini təşkil etdiyini qeyd ediblər. Bildirilib ki, şair lirikanı siyasi mübarizənin ideya silahına çevirərək, əsərlərində xalqın milli duyğularını, milli bütövlüyünü tərənnüm edib.
Sonra şairin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub, şeirləri səsləndirilib, sözlərinə bəstələnmiş mahnılar ifa edilib.