
09.12.2025
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Biləsuvar Dövlət Rəsm Qalereyasının fondunda qorunan Azərbaycan Xalq rəssamlarına məxsus 39 rəsm əsərindən ibarət sərgi təşkil olunub. Sərgidə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və sənət adamları iştirak ediblər.
Açılışda Biləsuvar Dövlət Rəsm Qalereyasının direktoru Rövşən Cənnətov çıxış edərək qonaqları salamlayıb və nümayiş olunan əsərlər haqqında ətraflı məlumat verib. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxışında sərginin keçirilməsində əsas məqsədin Azərbaycan Xalq rəssamlarının yaradıcılığını geniş ictimaiyyətə tanıtdırmaq olduğunu vurğulayıb. O, bu kimi sənət tədbirlərinin mütəmadi olaraq keçirilməsinin vacibliyini qeyd edib və daha çox insanın, xüsusilə məktəblilərin sərgiyə cəlb olunmasının əhəmiyyətini diqqətə çatdırıb. Sərgi çərçivəsində Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinə tabe olan Salyan rayon Mədəniyyət Mərkəzinin Əməkdar artist Həsənağa Sadıqov adına "Mahirlər" Ailə Xalq Ansamblı tərəfindən müxtəlif musiqi nömrələri səsləndirilib.