Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

”Akvarel yağışı” təqdim olunub

22.11.2024

 

Salyan Dövlət Rəsm Qalereyasında “Akvarel yağışı” adlı rəsm sərgisinin açılışı olub.

"Yaşıl dünya naminə həmrəylik ilin"nə həsr olunan sərginin açılış mərasimində rayon rəsmiləri, YAP Salyan rayon təşkilatının əməkdaşları, idarə-müəssisə rəhbərləri, rəssamlar, sənətçilər, mədəniyyət nümayəndələri, ekoloqlar və ziyalılar iştirak edib. 

 

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Salyan rayonu üzrə nümayəndə Şamxal Əhmədov, Salyan Rayon İcra Hakimiyyətinin rəsmisi Əzizağa Yaqubov, Salyan Dövlət Rəsm Qalereyasının direktoru Kürçaylı Məmmədov, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam-heykəltəraş İman Mustafayev, YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev, veteran mədəniyyət işçisi Lətif Zərbəliyev, ekoloq Rüstəm Məlikov, mədəniyyət işçisi Leyla Babayeva və başqaları çıxış edərək, gənc rəssamlara yaradıcılıq uğurları arzulayıblar. 

 

Bildirilib ki, bu il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili”dir və bu il çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir. Bu sərgi də həmin tədbirlərdən biridir. Dünyamızı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirləri, ətraf mühitin mühafizəsi, flora və faunanın qorunması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, yaşıllıqların bərpası haqqında söz açmaq bu gün çox vacibdir. COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar da bu baxımdan çox mühüm hadisədir. Salyanlı gənc rəssamlar da bu sərgidə məhz tamaşaçı diqqətini təbiətə, iqlimə, yaşıllığa yönləndirib. Sonra “Akvarel yağışı” rəsm sərgisinə baxış olub. Yalnız akvarel texnikasında, natürmort və mənzərə janrında təqdim olunan əsərlərdə gənc və yeniyetmə rəssamlar ana təbiəti, yaşıllıqların qorunmasını, xüsusilə də çiçəkləri təsvir ediblər. Sərgidə 30 nəfərdən çox rəssamın 40-dək əsəri nümayiş olunub. Sərgi boyu gənc rəssamlar canlı formada rəsm əsərləri yaradıblar. Rəsm sərgisində Salyan Rayon Mədəniyyət Mərkəzinin solistlərinin ifasında təbiətə, çiçəklərə həsr olunan musiqilər səsləndirilib.

 

Qeyd edək ki, “Akvarel yağışı” rəsm sərgisi 30 noyabr tarixinədək tamaşaçıların üzünə açıqdır.