Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Biləsuvarda ”Caz rəsmlərdə” adlı yaradıcılıq sərgisi açılıb

26.11.2024

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Salyan Dövlət Rəsm Qalereyası tərəfindən Biləsuvar rayon Heydər Əliyev Mərkəzində “Caz rəsmlərdə” yaradıcılıq sərgisi təqdim olunub.

 

Dünya şöhrətli cazmen, bəstəkar, pianoçu Vaqif Mustafazadənin xatirəsinə həsr olunan sərginin açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, hüquq-mühafizə orqanlarının, idarə-müəssisələrin rəhbərləri, rəssamlar, sənətçilər və ictimaiyyət iştirak edib.

 

İlk olaraq Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi anılıb, Dövlət Himni səsləndirilib. Çıxış edən Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin həyat və yaradıcılığından söz açıb. İdarə rəisi qeyd edib ki, caz-muğam üslubunu yaradan Vaqif Mustafazadə dünya cazına Azərbaycan caz elementləri əlavə edib. Bu gün Azərbaycan cazı dünyanın dörd tərəfində səslənir. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov isə çıxış edərək cazın çox sevilən musiqi janrı olduğunu qeyd edib. İcra başçısı çıxışında regionlarda bu cür yaradıcı sərgilərin təşkil olunmasını tamaşaçı zövqünün formalaşması kimi dəyərləndirib. Çıxış edən Salyan Dövlət Rəsm Qalereyasının direktoru Kürçaylı Məmmədov bildirib ki, "Caz rəsmlərdə" yaradıcılıq sərgisinin Biləsuvarda təşkil olunması həm də mədəni dostluqların güclənməsidir. Direktor qeyd edib ki, sərgidə Vaqif Mustafazadə ilə yanaşı, dünya caz ulduzları Frank Sinatra, Nina Simone, Çarlz Lloyd kimi görkəmli caz ifaçılarının portretləri yer alıb.

 

Sonra sərgiyə baxış olub, rəssamlar öz əsərləri barədə izləyicilərə məlumat veriblər. Sərgi boyu Salyan rayon Mədəniyyət Mərkəzinin Həsənağa Sadıqov adına “Mahirlər” Xalq Ailə Ansamblının üzvləri - cazmenlər Elşən Sadıqov, Ruslan Qurbanov və Murad Qafarov müxtəlif caz kompozisiyaları ifa ediblər.

 

Qeyd edək ki, Salyan Dövlət Rəsm Qalereyasının təqdim etdiyi “Caz rəsmlərdə” yaradıcılıq sərgisində 6 peşəkar, 12 həvəskar olmaqla 18 rəssamın ümumilikdə 30 əsəri nümayiş olunur. Əsərlər əsasən portret və peyzaj janrındadır. Sərgidə Aynur Artın “Əzizə ilə görüş”, “Naməlum saksofonçu”, “Frank Sinatra”, “Nina Simone”, Coşqun Məmmədovun “Bakı gecələrinə qarışıram”, “Axşam radiosu”, “Şahin Növrəsli”, Türkan Axundovanın “Çarlz Lloyd”, İlham İsayevin “Mənim gördüyüm yuxu”, İnqilab Abdullayevin “İçərişəhərə improvizasiya”, Ayla Mahmudovanın “Caz, mən səni sevirəm”, Xəyal Abdullayevin “Vaqifin portreti” və digər rəsm əsərləri izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

 

30 noyabr tarixinədək açıq olan sərgiyə giriş sərbəstdir.