Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Biləsuvarda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı konfrans keçirilib.

09.05.2025

Biləsuvar rayon Heydər Əliyev Mərkəzində baş tutan konfrans Biləsuvar Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin və YAP Biləsuvar Rayon Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilib.

Konfransda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, YAP Biləsuvar Rayon Təşkilatının sədri Kamil Qurbanlı, siyasi elmlər doktoru, professor, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı Murtəza Həsənov, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov, rayonun təşkilat, müəssisə rəhbərləri və ictimaiyyət iştirak edib.

Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsinə ehtiram göstərib, ruhuna dualar oxuyub, abidə önünə tər çiçəklər düzüblər. Sonra Ulu Öndərə həsr olunan sərgiyə baxış keçirilib.

Tədbirdə ümummilli liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Konfransı giriş sözü ilə açan Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov bildirib ki, Heydər Əliyev yalnız müasir Azərbaycanın qurucusu və inkişaf etdiricisi deyil, eyni zamanda bizim milli kimliyimizin, mədəni irsimizin qorunması və təbliği sahəsində misilsiz xidmətləri ilə tanınan bir şəxsiyyətdir. Onun rəhbərliyi dövründə mədəniyyətə göstərilən yüksək qayğı və diqqət sayəsində bütün bölgələrimizdə mədəniyyət müəssisələrinin şəbəkəsi genişləndirildi, incəsənət və ədəbiyyatın inkişafı üçün münbit şərait yaradıldı.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Ümummilli Liderin əsas qanun layihəsinə dair öz dəyərli tövsiyələrini verməklə yanaşı, Konstitusiyanın hər bir müddəasını şəxsən nəzərdən keçirdiyini, Konstitusiya layihəsinin açıq müzakirələrini təşkil etməklə onun ən yetkin formada qəbulunu təmin etmək üçün gərgin əmək sərf etdiyini vurğulayıb.

Professorlar Murtəza Həsənov və Fuad Məmmədov çıxışlarında bildiriblər ki, 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev öz müdrik siyasəti, eyni zamanda tarixi uzaqgörənliyi ilə milli dövlətçilik ideyasının həyata keçirilməsinə, müasir və müstəqil Azərbaycan dövlətinin qurulmasına nail oldu, ölkəmiz öz liderinin rəhbərliyi altında yeni inkişaf yoluna qədəm qoydu.

Çıxış edən Yeni Azərbaycan Partiyasının Biləsuvar Rayon Təşkilatının sədri Kamil Qurbanlı Ulu Öndərin Azərbaycan dövlətinə, mədəniyyətinə göstərdiyi əvəzsiz xidmətlərdən bəhs edib.

Konfransda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə fəxri fərmanlar və Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.

Tədbir Biləsuvar rayon Mədəniyyət Mərkəzinin solistləri və incəsənət məktəblərinin şagirdlərinin çıxışları ilə davam edib.