10.11.2017
Salyan rayon Heydər Əliyev Mərkəzində «Uşaq hüquqları aylığı» çərçivəsində gənc rəssamların işlərindən ibarət «Rəssamların gözü ilə dünyaya baxış» adlı rəsm sərgisi keçirilmişdir. Rayon İcra Hakimiyyəti Aparatının, Heydər Əliyev Mərkəzinin nümayəndələri, rayonun təhsil müəssisələrinin müəllim və şagird kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri sərgiyə tamaşa etmişlər. Sərgidə əsasən məktəb yaşlı – IV-XI sinif şagirdlərindən 13 nəfərin sulu və yağlı boyalarla işlədiyi mənzərə, natürmort, portret rəsmlərlə yanaşı, modern tablolar və abstrakt təfəkkürün məhsulu olan əsərlər nümayiş etdirilmişdir. Şagirdlərin müəllimi Aynur Abbasova da öz politrasından çıxan məhsulları sərgiləmişdir. Müəllimə bildirmişdir ki, ümumilikdə sərgiyə 60 rəsm əsəri çıxarılıb. Ən balaca rəssam 9 yaşındadır. Sərgilənən rəsmlər tamaşaçılarda böyük təəssürat oyatmışdır. Hər müəllif öz yaratdığı əl işi barədə geniş məlumat vermişdir. Salyan RİH aparatının məsul işçisi Əzizağa Yaqubov gənc fırça ustalarını sərgidə nümayiş olunan əl işlərinə görə təbrik etmiş, onlara yeni yaradıcılıq uğurları arzulamışdır. Sonda gənc rəssamlara Heydər Əliyev Mərkəzinin fəxri fərmanları təqdim edilmişdir.