08.12.2017
Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə 8 dekabr 2017-ci il tarixində Biləsuvar rayonunda "Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında İKT-nin rolu" adlı interaktiv tədbir keçirilib.
Təbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısı Mahir Quliyev, Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elçin Hüseynov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, şöbə müdirləri Sənan Talıbov, Məzahir Qarayev, əməkdaşları Elnarə Hacıyeva, Afaq Ağayeva, Aygün Balabəyova, Pərvanə Hüseynova, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İlk orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Arif Məmmədov çıxış ediblər.
Onlar öz çıxışlarında mədəniyyət işçilərini Qarabağ ərazisinin və Qarabağla bağlı olan bütün mədəniyyət nümunələrinin məhz Azərbaycan xalqına və Azərbaycan tarixinə aid olduğunu sübut edilməsində, bu mürəkkəb mövzunun dünya ictimaiyyətinə müasir və əlçatan şəkildə çatdırılmasında aktiv olmasına çağırmışlar.
Eyni zamanda tədbir çərçivəsində “Azərbaycan milli-mədəni irsin təbliğində Vikipediya – açıq elektron ensiklopediyasının rolu” adlı təqdimat, “Ermənistan işğalçı siyasətinin nəticəsində dağıdılmış maddi-mədəni irs nümunələri” adlı elektron sərgisi və rayon məktəb şagirdlərinin Qarabağ haqqında rəsm sərgisi təqdim olunub.
Daha sonra xalq çalğı alətləri ansamblının ifasında "Qarabağ şikəstəsi" səsləndirilib.
Tədbirdə həmçinin, AMEA-nın Folklor İnstitutunun və Elmi-Metodiki Mərkəzin birgə layihəsi olan Qarabağın mədəni irsinə həsr olunmuş təbliğat xarakterli açıqçalar toplusunun təqdimatı keçirilmişdir. Mədəniyyət işçilərinin iştirakı ilə “Mədəniyyətimizin qorunması və təbliğində İKT potensiallarından səmərəli istifadəsində vətəndaş fəallığının rolu” adlı açıq diskussiya və milli mədəniyyətimizin təbliğində İKT-nin mühüm əhəmiyyətinə həsr olunmuş Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış metodiki vəsaitlərin təqdimatı təşkil olunub.