Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Müstəqilliyə aparan yol”

17.01.2018

Qanlı yanvar faciəsindən xalqımızı 28 illik zaman fasiləsi ayırır. Azərbaycan xalqı zaman-zaman ağır faciələrlə üzləşmiş, haqsızlıqlarla qarşılaşmışdır. Xalqımızın başına gətirilən belə faciələrdən biri də qanlı 20 Yanvar faciəsi idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovetlər İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində daha 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin, təcili yardım işçiləri və polis nəfərləri olmuşdur. Keçmiş SSRİ və keçmiş Azərbaycan SSR konstitusiyaları kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdı. Bu süqut etməkdə və çökməkdə olan nəhəng imperiyanın - Sovetlər Birliyi imperiyasının son akkordları idi. Salyan Tarix-diyarşünaslıq muzeyində "Qanlı Yanvar" faciəsinin 28-ci ildönümünə həsr olunmuş "Müstəqilliyə aparan yol" adlı dəyirmi masa təşkil olunmuşdur. Tədbiri giriş sözüylə muzeyin direktoru Ramil Bayramov açmışdır. Daha sonra faciə qurbanları 1 dəqiqəlik sükutla yad edilmiş, 20 Yanvar faciəsini əks etdirən video çarx nümayiş olunmuşdur. Tarix müəllimləri Sahib Həsənov, Leyla Mənsimova və Şəhrabanu Əhmədova geniş məruzə ilə çıxış etdilər. Tədbir məktəblilərin kompazisiyaları ilə başa çatdı