Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycanın mədəniyyət təqvimi” elektron kataloqu (16.08.2021-ci il tarixədək)

04.08.2021

5 AVQUST

1890 – Opera müğənnisi, Xalq artisti Məmmədtağı Abbas oğlu Bağırov (1890 – 16.4.1961) Bakıda doğulub. 1925-ci ildən Opera və Balet Teatrının solisti olub.

1896 – Xalq artisti, vokalçı Roman Maksimoviç Trifonov (1896–1966) Saratovda doğulub. 1948-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

1937 – Xalq artisti, tanınmış skripka ifaçısı Sərvər Soltan oğlu Qəniyev (1937 – 5.9.2010) Bakıda doğulub. Azərbaycan Dövlət Filarmoniyasının solisti, Qahirə Konservatoriyasında (Misir) kafedra müdiri (1971–1979), 1991-ci ildən Türkiyənin Bilkənd Universitetinin professoru, simfonik orkestrinin bədii rəhbəri olub.

1950 – Yazıçı-publisist Rafiq Nəzir oğlu Tağı (1950–2011) Masallı rayonunun Xoşçobanlı kəndində doğulub.

1950 – Teatr və televiziya rejissoru Eyvaz Məsud oğlu Vəliyev (1950–2002) Bakıda doğulub. Azərbaycan Dövlət Kukla Teatrında quruluşçu rejissor işləyib.

1950 – Əməkdar mədəniyyət işçisi, teatrşünas Kəmalə Məmməd qızı Cəfərzadə (1950 – 31.7.2019) anadan olub. Azərbaycan Teatr Xadimləri İtifaqında, Azərbaycan Dövlət Tərcümə Mərkəzində çalışıb.

1952 – Əməkdar mədəniyyət işçisi Nadir Məmmədağa oğlu Əliyev anadan olub. “Azərbaycanfilm” kinostudiyasında bir çox filmlərin icraçı prodüseridir.

1956 – Əməkdar rəssam Aydın Rəcəb oğlu Rəcəbov Naxçıvan şəhərində doğulub.

1958 – Folklorşünas, Əməkdar elm xadimi, professor, Dövlət mükafatı laureatı Məhərrəm Paşa oğlu Qasımlı Tovuz rayonunun Alakol kəndində anadan olub. Azərbaycan Aşıqlar Birliyinin sədridir (2016-cı ildən). Orxan Paşa təxəllüsü ilə şeirlər yazır.

1958 – Xalq rəssamı Sakit Qulam oğlu Məmmədov Neftçala şəhərində anadan olub. Beynəlxalq incəsənət festivallarının qalibidir. Əsərləri xaricdə məşhur adamların şəxsi kolleksiyalarında, Vatikan muzeyində saxlanılır.

1960 – Əməkdar rəssam Natiq Şafiq oğlu Səfərov anadan olub. Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi-bərpa şöbəsinin müdiridir. 

1965 – Əməkdar incəsənət xadimi, rejissor Mehriban Zaur qızı Ələkbərzadə anadan olub. Müxtəlif teatrlarda tamaşalar qoyub, televiziya tamaşaları hazırlayıb. 2017-ci ildən Dövlət Yuğ Teatrının baş rejissorudur.

1998 – Prezident Heydər Əliyevin sərəncamı ilə Bakıdakı Şəhidlər xiyabanında memorial abidə – əbədi məşəl kompleksi ucaldılıb.

2017 – Prezident İlham Əliyev görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

7 AVQUST

1930 – Milli təsviri sənətin görkəmli nümayəndəsi, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, dövlət mükafatları laureatı Toğrul Fərman oğlu Nərimanbəyov (1930 – 2.6.2013) Bakıda anadan olub. Natürmort, portret, mənzərə və s. janrlarda əsərlərin, freskaların müəllifidir. Teatr tamaşalarına bədii tərtibat verib, “Dədə Qorqud” filminə rəsmlər çəkib. Parisdə dəfn olunub.

1931 – Xalq artisti Rəfiqə Hacı qızı Axundova anadan olub. Opera və Balet Teatrının solisti (1951–1971), baş baletmeysteri olub. Bir çox tamaşalarda (“Yeddi gözəl”, “Məhəbbət əfsanəsi”, “Jizel” və s.) əsas partiyaları ifa edib. Bakı Xoreoqrafiya Məktəbinin bədii rəhbəri olub.

1944 – Şair, ədəbiyyatşünas Əhməd Elbrus (Elbrus Misir oğlu Əhmədov; 1944–2006) Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub.

1960 – Əməkdar artist Yusif Əlibala oğlu Dadaşov (1913–1960) vəfat edib. Gənc Tamaşaçılar Teatrı yaranandan (1928) onun səhnəsində aktyor kimi çıxış edib.

1964 – Əməkdar artist, tarzən Davud Bəxtiyar oğlu Abdullayev anadan olub.

8 AVQUST

1936 – Tarixçi alim, AMEA-nın müxbir üzvü Fəridə Cəfər qızı Məmmədova Şirvan şəhərində anadan olub. Qafqaz Albaniyası və Azərbaycanda xristianlığın tarixinə dair tədqiqatların müəllifidir.

1943 – Şair, tərcüməçi, ədəbiyyatşünas Ənvər Əhməd (Ənvər Misir oğlu Əhmədov) Ağcabədi rayonunda anadan olub.

1948 – Xalq artisti, görkəmli kinoaktyor Rasim Əhməd oğlu Balayev Ağsu rayonunda anadan olub. “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Gözlə məni”, “Otel otağı”, “Cavid ömrü” və s. ekran əsərlərində yaddaqalan obrazlar yaradıb. “Özbəkfilm”, “Mosfilm” və başqa studiyalarda filmlərə çəkilib.

1948 – Tanınmış müğənni Akif Qədir oğlu İslamzadə Bakıda doğulub. Azərbaycan Televiziyası və Radiosunun Simfonik orkestrinin solisti olub. Filmlərdə mahnıları ifa edib.

9 AVQUST

1912 – Əməkdar mədəniyyət işçisi, jurnalist, kino xadimi Bağır Mir Qasım oğlu Seyidzadə (1912–1968) İrəvanda doğulub. Respublikanın Kinematoqrafiya naziri (1949–1952), Mədəniyyət nazirinin müavini, Azərbaycan Teleqraf Agentliyinin (indiki AZƏRTAC) sədr müavini işləyib.

1954 – Xalq artisti, tarzən Möhlət Xanəli oğlu Müslümov Bakıda anadan olub. Azərbaycan Milli Konservatoriyasının professoru, Azərbaycan Televiziyası və Radiosunun Ə.Bakıxanov adına xalq çalğı alətləri ansamblının bədii rəhbəridir.

1972 – Əməkdar artist Şövqi Ərəstun oğlu Hüseynov Cəlilabad rayonunda doğulub. Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur, Akademik Musiqili Teatrda tamaşalarda oynayır, filmlərə çəkilib.

2001 – Prezident Heydər Əliyev 1 avqustun “Azərbaycan Əlifası və Azərbaycan Dili Günü” elan edilməsi haqqında fərman imzalayıb. Prezident Heydər Əliyevin müvafiq fərmanı ilə 2001-ci il 1 avqust tarixində Azərbaycanda latın qrafikalı əlifaya keçid başa çatmışdı.

2010 – Xalq artisti, tanınmış bəstəkar Oqtay Kazımi (Oqtay Məmməd oğlu Kazımov; 27.12.1932 – 2010) dünyasını dəyişib. 200-dək mahnının, tamaşalara musiqinin, “Şəhidlər” simfoniyası, “Hophopnamə” oratoriyası və s. əsərlərin müəllifidir.

2018 – Prezident İlham Əliyev UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə (30 iyun – 10 iyul) Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasının Mədəniyyət naziri Təşkilat Komitəsinin sədri təyin edilib.

10 AVQUST

1910 – Aktyor, rejissor, Əməkdar incəsənət xadimi İsmayıl Mahmud oğlu Əfəndiyev (1910 – 30.5.1967) Göyçayda anadan olub. “Arşın mal alan” (1945), “O olmasın, bu olsun”, “Qızmar günəş altında” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Kölgələr sürünür” filminə quruluş (Ş.Şeyxovla birgə) verib, filmlərin səsləndirilməsində iştirak edib.

1913 – Xalq rəssamı Kazım Məmmədəli oğlu Kazımzadə (1913 – 6.10. 1992) anadan olub. Opera tamaşaları (“Leyli və Məcnun”, “Koroğlu”) və filmlərin (“Bir qalanın sirri”, “Qanun naminə”, “Qanlı zəmi” və s.) geyim üzrə rəssamı olub. 1942-ci ildən ömrünün sonunadək Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru işləyib.

1936 – Yazıçı, şair, filosof, tərcüməçi Əlisa Nicat (Əlisa Qulam oğlu Hüseynov) Lerik rayonunun Yuxarı Gədik kəndində doğulub. “Gəncəli müdrik”, “Zərdüşt”, “Sasanilərin sonu” və s. tarixi əsərlərin, “Dünya tarixçiləri”, “Tarixin qürubu” və s. kitabların müəllifidir.

1946 – Nasir, tərcüməçi Aydın Ələkbər oğlu Abdullayev (1946 – 15.12.1995) anadan olub. Qrim qardaşlarının nağıllarını, Stendalın “Qırmızı və qara” romanını və s. əsərləri dilimizə çevirib.

1949 – Xalq artisti, xanəndə Qəndab Nəbi qızı Quliyeva (1949 – 26.6.2017) Füzuli rayonunun Dilağarda kəndində doğulub. Opera tamaşalarında Leyli, Əsli (“Leyli və Məcnun”, “Əsli və Kərəm” – Ü.Hacıbəyli), Ərəbzəngi (“Şah İsmayıl” – M.Maqomayev) və s. partiyaları ifa edib.

1958 – Xalq rəssamı, heykəltəraş Natiq Kamal oğlu Əliyev Bakıda anadan olub. Bakıda Zivər bəy Əhmədbəyovun, Motsartın, Serbiyada (Novi Sad) Üzeyir Hacıbəylinin heykəllərinin, müxtəlif ölkələrdə ucaldılan Xocalı abidələrinin müəllifidir. Azərbaycan Dövlət Akademiyasının professorudur.

1979 – Əməkdar artist Rəhim Xəlil oğlu Qocayev anadan olub. Şəki Dövlət Dram Teatrının aktyorudur.

11 AVQUST

1910 – Xalq artisti Konstantin Mixayloviç Myakişev (1910– 1990) Bakıda doğulub. 1930–1960-cı illərdə (fasilələrlə) Dövlət Rus Dram Teatrının aktyoru olub, filmlərə çəkilib.

1958 – Xalq artisti, dirijor Teymur Ənvər oğlu Göyçayev anadan olub. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktorudur.

1966 – Əməkdar artist, diktor Rafiq Məhəmməd oğlu Həşimov anadan olub. Azərbaycan Televiziyasında çalışır. Sənədli filmlərin ssenari müəllifidir.

1973 – Şair, dramaturq, Əməkdar incəsənət xadimi Zeynal Rza oğlu Xəlil (1914–1973) vəfat edib. “Düşüncələr”, “Sevdiyim rəng” və s. şeir kitabları, “Ulduzlar” mənzum romanı, “İntiqam”, “Ata yolu” pyeslərinin müəllifidir.

12 AVQUST

1880 – Tanınmış dilçi alim, jurnalist Fərhad Rasim oğlu Ağazadə (1880–1931) anadan olub.

1921 – Yazıçı, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Ələviyyə Hənifə qızı Babayeva (1921 – 23.9.2014) anadan olub. “Haradasan dost, harada”, “Adamlar və talelər”, “Sönmüş ulduzların işığı” və s. romanların müəllifidir.

1923 – Tərcüməçi Kamil Həsən oğlu Məmmədov (1923–1989) Bakıda anadan olub. SSRİ xalqları ədəbiyyatından tərcümə etdiyi pyeslər teatrlarda tamaşaya qoyulub.

1926 – Xalq şairi, Dövlət mükafatı laureatı Qabil (Qabil Allahverdi oğlu İmamverdiyev; 1926 – 3.4. 2007) Bakıda anadan olub. Kitabları: “Mənim mavi Xəzərim”, “Ömrüm boyu”, “Nəsimi”, “Ömrün həbləri”, “İlahi qisməti” və s.

1942 – Hərb tarixçisi, publisist Şəmistan Əmiraslan oğlu Nəzirli anadan olub. Azərbaycanın hərb tarixi, tanınmış azərbaycanlı generallarının həyatına dair kitabların müəllifidir.

1943 – Ədəbiyyatşünas, tərcüməçi, Əməkdar incəsənət xadimi İntiqam Böyükağa oğlu Qasımzadə Şuşa şəhərində doğulub. “Azərbaycan” jurnalının baş redaktoru, cizgi filmi və sənədli filmlərin ssenari müəllifidir.

1943 – Xalq artisti Vaqif Abdulla oğlu Şərifov anadan olub. Sumqayıt, Ağdam teatrlarında baş rejissor, Gəncə Dövlət Dram Teatrında baş rejissor və bədii rəhbər işləyib, filmlərə çəkilib.

1947 – Əməkdar mədəniyyət işçisi Nelli Hacı qızı Dadaşova anadan olub. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında montajçı işləyib.

1955 – Ədəbiyyatşünas, yazıçı-publisist, Əməkdar incəsənət xadimi, akademik Rafael Baba oğlu Hüseynov Kürdəmirdə anadan olub. “Vaxtdan uca”, “1002-ci gecə”, “Məhsəti necə varsa”, “Yoxdan var” və s. kitabların müəllifidir. AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatıdır.

1967 – Əməkdar artist Mehriban Aslan qızı Xanlarova Bakıda anadan olub. Akademik Milli Dram Teatrının aktrisasıdır, filmlərə çəkilib.

13 AVQUST

1941 – Xalq artisti, müğənni Elmira Allahverdi qızı Rəhimova anadan olub. 1982-ci ildə Hindistanda keçirilən festivalın laureatı olub. 50-dən çox ölkədə qastrol səfərlərində Azərbaycan musiqisini təbliğ edib.

1944 – Əməkdar artist Mansur Əbdül oğlu Mansurov Bakıda anadan olub. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyorudur.

1947 – Xalq artisti, rejissor Azər Paşa Zəfər oğlu Nemətov anadan olub. Gənc Tamaşaçılar Teatrında işləyib. 1990-cı ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb. 2015-ci ildə teatrın bədii rəhbəri-baş rejissoru, 2016-cı ildə direktoru təyin edilib. Azərbaycan Teatr Xadimləri İtifaqının sədri, Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

1967 – Xalq artisti, xanəndə Aygün Əliqulu qızı Bayramova Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub. Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Milli Konservatoriyasının müəllimidir.

1970 – Əməkdar artist, vokalçı Nərgiz Faiq qızı Kərimova Bakıda anadan olub. Azərbaycan Televiziyasının solisti olub. Akademik Musiqili Teatrın aktrisasıdır.

1975 – Xalq artisti, opera müğənnisi (bariton) Elçin Yaşar oğlu Əzizov anadan olub. Beynəlxalq müsabiqələr laureatı, 2008-ci ildən Rusiya Dövlət Akademik Böyük Teatrının solistidir.

2004 – Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və təbliği sahəsində aktiv fəaliyyətinə UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində Xoşməramlı səfiri adına layiq görülüb.

14 AVQUST

1923 – Ədəbiyyatşünas, akademik, Dövlət mükafatı laureatı Kamal Abdulla Şaiq oğlu Talıbzadə (1923 – 20.1.2006) anadan olub. “Ədəbi irs və varislər”, “Azərbaycan ədəbi tənqidinin tarixi” və s. monoqrafiya və kitabların müəllifidir.

1933 – Şair, Əməkdar incəsənət xadimi Ramiz Heydər (Məmmədov; 1933–2010) Bakıda anadan olub. 30-dək kitabın müəllifidir. Sözlərinə “Ayrılma məndən”, “Toy olsun, bayram olsun” və s. populyar mahnılar bəstələnib.

1938 – Əməkdar memar, memarlıq doktoru, professor, Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü Nəriman Əşrəf oğlu Əliyev anadan olub.

1940 – Yazıçı-tərcüməçi, kino təşkilatçısı Asif Akif oğlu Əliyev (1940–2001) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında dublyaj şöbəsinin baş redaktoru işləyib.

1948 – Əməkdar mədəniyyət işçisi Yavər Qəhrəman oğlu Cəbrayılov anadan olub. Salyan Dövlət Kukla Teatrının direktorudur.

1948 – Əməkdar rəssam Rövşən Zeynal oğlu Məmmədov anadan olub.

1957 – Xalq artisti, xanəndə, Dövlət mükafatı laureatı Alim Həmzə oğlu Qasımov Şamaxıda doğulub. Opera tamaşalarında (“Leyli və Məcnun”, “Əsli və Kərəm”) çıxış edib. Azərbaycan muğamının dünyaya tanıdılmasına töhfələr verir, festival və müsabiqələrin qalibidir, UNESCO-nun musiqi mükafatını qazanıb.

1961 – Əməkdar artist Əzizə Əbdülbaği qızı Məmmədova (1892, Tifis – 1961) vəfat edib. Akademik Milli Dram, Türk İşçi teatrlarında çalışıb, “Görüş”, “Səhər” və s. filmlərə çəkilib.

2009 – Prezident İlham Əliyev görkəmli müğənni, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

2017 – Tanınmış rəssam Əsgər Əsgərov (1948–2017) vəfat edib. Rəngkarlıq, batika, qrafika və s. nümunələrində İçərişəhər mövzu və motivləri xüsusi yer tutur.

15 AVQUST

1902 – Əməkdar artist Qəmər Topuriya (Tamara Vissarionovna Topuriya; 1902–1947) Tifisdə doğulub. Tifis Azərbaycan Dram Teatrının, Azərbaycan Dövlət Akademik Dram Teatrının aktrisası olub.

1922 – Xalq artisti, respublikanın Dövlət mükafatı laureatı Konstantin Adamov (1922–1990) Bakıda doğulub. Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru (1947-ci ildən) olub, filmlərdə çəkilib.

1936 – Əməkdar memar Tofiq Əli oğlu Abdullayev anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorudur.

1937 – Əməkdar artist Boris Fyodroviç Qrafin anadan olub. Akademik Musiqili Teatrda fəaliyyət göstərir.

1952 – Əməkdar müəllim Yusif Boran oğlu Vəliyev anadan olub. Bakı şəhəri G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbinin direktorudur.

1955 – Xalq artisti Afaq Bəşirqızı (Səfərova) anadan olub. Lənkəran, Sumqayıt teatrlarında çalışıb. 1989-cu ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında fəaliyyət göstərir. Teletamaşalarda, filmlərdə yaddaqalan obrazlar yaradıb.

1968 – Əməkdar artist, diktor Dilarə Hamlet qızı Səlim anadan olub. Azərbaycan Televiziyasında çalışır.

2018 – Prezident İlham Əliyev görkəmli opera müğənnisi, Xalq artisti Gülxar Həsənovanın 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.