Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycanın mədəniyyət təqvimi” elektron kataloqu (16.09.2021-ci il tarixədək)

31.08.2021

1 SENTYABR

1900 – Məşhur sirk pəhləvanı, Xalq artisti Rəşid Əliməmməd oğlu Yusifov (1900–1982) Borçalı mahalının (Gürcüstanın Marneuli rayonu) Gorarxı kəndində anadan olub. Moskva Dövlət Sirkinin truppasında çıxış edib.

1919 – Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti ölkədə ilk ali təhsil müəssisəsinin – Bakı Dövlət Universitetinin yaradılması barədə qanun qəbul edib.

1920 – Bakıda Şərq Xalqlarının I Qurultayı başlayıb. Qurultayda (1-8 sentyabr) 30 ölkədən nümayəndələr iştirak edib.

1920 – Tanınmış tarixçi alim, AMEA-nın müxbir üzvü Mahmud Əliabbas oğlu İsmayılov (1920 – 16.8.2002) Şəkidə doğulub.

1924 – Bakı milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev (1838–1924) vəfat edib. Tağıyev Azərbaycan xalqının maarifənməsi, mədəni inkişafı üçün gördüyü nəcib işlərlə tarixdə iz qoyub. Bakıda ilk teatr binası, müsəlman qızlar üçün ilk məktəb və s. onun adı ilə bağlıdır. Dövrün tanınmış ziyalıları onun köməyi ilə Rusiyada, Avropada təhsil alıblar.

1930 – Nasir, dramaturq, şair Əli Qafur oğlu Səmədli (1930–2006) Göyçay rayonunun Mallı-Şıxlı kəndində anadan olub. Uşaq-gənclər üçün kitabların, səhnə əsərlərinin müəllifidir.

1930 – Yazıçı-dramaturq, jurnalist Oqtay Məmmədhəsən oğlu Salamzadə (1930–2012) Füzuli rayonunun Cuvarlı kəndində doğulub.

1931 – Tanınmış teatr və kino aktyoru Fazil İdris oğlu Salayev (1931 –16.6.1978) Bakıda doğulub. Akademik Dram, Musiqili Komediya teatrlarında çalışıb, filmlərdə (“Alma almaya bənzər”, “Rəqiblər”, “Şərikli çörək”) yaddaqalan obrazlar yaradıb.

1937 – Əməkdar incəsənət xadimi Siyavuş Məmməd oğlu Şəfiyev (1937 – 24.11.2001) Bakıda anadan olub. Peşəkar sirk ustası, akrobat olub, Moskva və Bakı sirklərində çalışıb. “Əhməd haradadır?”, “Uşaqlığın son gecəsi” və s. filmlərdə çəkilib.

1941 – Əməkdar mədəniyyət işçisi, şair, yazıçı-publisist Tofiq Abdin (Tofiq Məhərrəm oğlu Abdinov; 1941 – 24.2.2014) Salyan rayonunun Qırmızıkənd kən­dində anadan olub.

1945 – Xalq artisti, sənətşünaslıq doktoru, professor Məcnun Təbriz oğlu Kərim (1945 – 2.10.2013) Zəngəzur mahalının Şəki kəndində doğulub. Azərbaycanın qədim musiqi alətləri haqqında tədqiqatlar aparıb, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində Qədim musiqi alətləri ansamblını yaradıb.

1945 – Xalq artisti Vidadi Hüseyn oğlu Əliyev Ağstafa rayonunun Göycəli kəndində anadan olub. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru, direktoru olub, filmlərə çəkilib.

1946 – Dilçi alim, akademik Möhsün Zellabdin oğlu Nağısoylu Naxçıvan MR Şərur rayonunun Xok kəndində anadan olub. AMEA-nın Dilçilik İnstitutunun direktorudur.

1949 – Azərbaycanda icbari yeddiillik təhsilə keçid başlayıb.

1949 – Əməkdar artist Atabala Osman oğlu Səfərov Şabran rayonunda doğulub. Musiqili Komediya, Gənc Tamaşaçılar teatrlarında çalışıb, televiziya tamaşalarında maraqlı rollar oynayıb.

1959 – Əməkdar mədəniyyət işçisi Aygül Aydın qızı Qaradağlı Bakıda doğulub. Televiziyada diktor işləyib, filmlərin dublyajında iştirak edib.

1970 – Əməkdar artist Xatirə Bəylər qızı Süleymanova anadan olub. Sumqayıt Dövlət Dram Teatrının aktrisasıdır.

1982 – Əməkdar artist, violonçel ifaçısı Aleksey Leonidoviç Miltıx anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir.

1995 – Prezident Heydər Əliyev Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 110 illiyi, görkəmli rus şairi Sergey Yeseninin 100 illiyi haqqımda sərəncamlar imzalayıb.

3 SЕNTYABR

1931 – Xalq rəssamı, professor Oqtay Yusif oğlu Şıxəliyev (1931 – 31.1.2012) Bakıda doğulub. Müxtəlif janrlarda əsərlər yaradıb, Azərbaycanın ilk professional monumentalist rəssamlarından biridir. Tabloları Fransada, Almaniyada şəxsi kolleksiyalarda saxlanılır.

1951 – Görkəmli aktyor, Xalq artisti, Dövlət mükafatı laureatı Yaşar Məmmədsadıq oğlu Nuri (1951 – 22.11. 2012) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Televiziya tamaşalarında, kinoda (“Yol əhvalatı”, “Tənha narın nağılı”, “Yaramaz”, “Bəyin oğurlanması”, “Qətl günü”) yaddaqalan obrazlar yaradıb.

1952 – Teatr xadimi Məmmədəli Hüseyn oğlu Ağayev Naxçıvanın Qaraxanbəyli kəndində doğulub. Moskva Akademik Satira Teatrının direktoru, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisidir.

1962 – Əməkdar rəssam İnna Valentinovna Kostina anadan olub. Batik texnikada (ipək üzərində rəsm) silsilə əsərlər müəllifidir.

1985 – Bakıda yeni zooparkın açılışı keçirilib.

4 SЕNTYABR

1950 – Şairə Aləmzər Məmməd qızı Əlizadə Gəncədə anadan olub. Uşaqlar üçün kitabların, mənzum pyeslərin müəllifidir.

1961 – Əməkdar mədəniyyət işçisi, musiqişünas Ellada Əlihüseyn qızı Hüseynova anadan olub. Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

1964 – Əməkdar memar İlqar Aydın oğlu İsbatov anadan olub.

1972 – Əməkdar artist, aktyor, naşir, fotoqraf-rəssam Bəhram Arif oğlu Bağırzadə Bakıda anadan olub.

1972 – Əməkdar artist Yuri Nikolayeviç Lobaçov anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet artistidir.

1979 – Əməkdar artist Kəmalə İmdad qızı Məmmədova anadan olub. Gəncə Dövlət Dram Teatrının aktrisasıdır.

2003 – Xalq yazıçısı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Əzizə Məmməd qızı Cəfərzadə (29.12.1921 – 2003) vəfat edib. S.Ə.Şirvani, A.Səhhət, Xətai və başqa görkəmli şəxsiyyətlər haqqında tarixi romanların müəllifidir.

2019 – Prezident İlham Əliyev Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Xalq artisti Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

5 SЕNTYABR

1892 – Tanınmış tarzən, pedaqoq, Xalq artisti Əhmədxan Məmmədrza oğlu Bakıxanov (1892 – 26.3.1973) anadan olub. Azərbaycan Televiziyası və Radiosu Xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri (hazırda kollektiv onun adını daşıyır) olub.

1935 – Xalq artisti, məşhur aktyor Siyavuş Məmmədağa oğlu Aslan (1935 – 27.6.2013) anadan olub. Musiqili Komediya, Akademik Dram teatrlarında çalışıb. Teatrla yanaşı, televiziya tamaşalarında (“Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”), kinoda (“Əhməd haradadır?”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı”, “O dünyadan salam” və s.) yaddaqalan obrazlar yaradıb.

1942 – Yazıçı-dramaturq, şair Ramiq Muxtar (Ramiq Muxtar oğlu Nağıyev) Naxçıvan şəhərində anadan olub.

1944 – Şair, dramaturq, Əməkdar incəsənət xadimi Hidayət Xuduş oğlu Orucov Ermənistanın Mehri rayonunun Maralzəmi kəndində doğulub. İrəvan Dövlət Azərbaycan Dram Teatrına rəhbərlik (1968–1984) edib. Dövlət vəzifələrində çalışıb. Kitabları: “İrəvanda xal qalmadı”, “Həsrət”, “Burdan min atlı keçdi” və s.

1953 – Əməkdar artist Fəqümə Ayaz qızı Yusifova anadan olub. Ağdam Dövlət Dram Teatrının aktrisasıdır.

1973 – Əməkdar artist, tarzən Elçin Ləzgi oğlu Həşimov anadan olub.

1983 – Bakıda Şərq Xalça Sənəti üzrə Birinci Beynəlxalq Simpozium işə başlayıb. Simpozuim çərçivəsində Azərbaycan Dövlət Rəsm Qalereyasında Azərbaycan xalçalarının sərgisi açılıb. Tədbirlərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev iştirak edib.

2002 – Prezident Heydər Əliyev “Kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

6 SЕNTYABR

1936 – SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə “SSRİ Xalq artisti” adı təsis olunub. Sovet İtifaqında mədəniyyət xadimlərinə verilən ən yüksək fəxri ad olub. Azərbaycandan bu ada ilk olaraq Üzeyir Hacıbəyli, Bülbül, Şövkət Məmmədova (1938) layiq görülüblər.

1937 – Əməkdar memar Yusuf Oruc oğlu Yaqubzadə anadan olub.

1958 – Əməkdar artist, televiziya diktoru Sevda Ağa qızı Ağazadə Bakıda anadan olub.

1979 – Əməkdar artist Elxan Yunis oğlu Abbasov anadan olub. Gəncə Dövlət Dram Teatrının aktyorudur.

7 SЕNTYABR

1914 – Teatrşünas və ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Cəfər Haşım oğlu Cəfərov (1914 – 19.9.1973) Bakıda anadan olub. Yazıçılar İtifaqının məsul katibi, mədəniyyət nazirinin müavini işləyib. “Rejissor sənəti”, “Azərbaycan Dram Teatrı” və s. kitabların müəllifidir.

1939 – Şair, tərcüməçi, ssenarist Mənsur Fəxri (Mənsur Fəxri oğlu Vəkilov; 1939–2009) Bakıda anadan olub. “Literaturnı Azerbaydjan” jurnalının baş redaktoru işləyib. Rus dilində yazıb, Azərbaycan şairlərinin əsərlərini ruscaya tərcümə edib.

1946 – Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abutalıb qızı Abdullazadə anadan olub. Azərbaycan muğamlarının fəlsəfi mahiyyətinə dair tədqiqatların müəllifidir. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru işləyib.

1959 – Əməkdar mədəniyyət işçisi Sevil Məmmədxan qızı Məmmədova anadan olub. “İçərişəhər” Muzey Mərkəzində çalışır.

1960 – Əməkdar mədəniyyət işçisi İftixar Fərhad oğlu Piriyev anadan olub. Akademik Milli Dram Teatrının aktyoru olub, filmlərə çəkilib. 2000-ci ildən C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktorudur.

1961 – Sənətşünaslıq doktoru, professor Fərəh Şirməmməd qızı Əliyeva anadan olub. Azərbaycan musiqi tarixinə dair kitabların müəllifidir. Mədəniyyət və İncəsənət Universitetinin rektoru (2014–2018) işləyib. Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiridir.

1976 – Xalq artisti, müğənni Fidan Hacıağa qızı Hacıyeva-Naylor anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.

2000 – Azərbaycan Respublikasının Nazirlər Kabineti Şəki şəhərində Sabit Rəhmanın ev-muzeyinin yaradılması haqqında qərar qəbul edib.

8 SЕNTYABR

1903 – Əməkdar artist Dadaş Kamil oğlu Şaraplı (Məmmədov; 1903–1959) Bakıda doğulub. Akademik Dram Teatrının aktyoru olub.

1906 – Xalq artisti Yelena Vladimirovna Taryeva (1906–1962) Odessada doğulub. Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası (1938-ci ildən) olub.

1928 – Xalq rəssamı Tofiq Məmmədəli oğlu Ağababayev Bakıda doğulub. Bakı şəhərinin baş rəssamı (1966–1968) olub. Monumental dekorativ-tətbiqi sənət, qrafika, boyakarlıq əsərlərinin müəllifi, Azərbaycan Rəssamlıq Akademiyasının professorudur. Əsərləri xarici ölkələrdə şəxsi qalereyalarda saxlanılır.

1949 – Əməkdar incəsənət xadim Hüseynağa Ağahüseyn oğlu Atakişiyev (1949 – 9.4.2006) Bakıda anadan olub. Şəki Dövlət, Akademik Milli Dram teatrlarında baş rejissor işləyib. 1989-cu ildə Gənclər Teatrını (2009-cu ildə Gənc Tamaşaçılar Teatrına birləşdirilib) yaradıb. “Üzeyir ömrü” (1981) filmində çəkilib.

1949 – Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru İlham Əziz oğlu Rəhimli Yevlax rayonunun Malbinəsi kəndində doğulub. Teatr, kino, dramaturgiya və s. sahələrə dair çoxsaylı kitabların, “Azərbaycan teatr ensiklopediyası”nın müəllifidir. Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

1966 – Əməkdar mədəniyyət işçisi Nazim Fikrət oğlu Hüseynov anadan olub. “Salnaməfilm” studiyasının direktorudur.

1982 – Xalq artisti, teatr rejissoru Ələsgər Məmmədtağı oğlu Şərifov (25.12.1909 – 1982) dünyasını dəyişib. Akademik Milli Dram Teatrında çalışıb, “Səbuhi” filmində M.Ş.Vazeh rolunda çəkilib.

9 SЕNTYABR

1937 – Əməkdar mədəniyyət işçisi Aybəniz Səməd qızı Vəkilova (1937 – 13.6.2009) anadan olub. Səməd Vurğunun ev-muzeyinin baş mühafizi və direktoru (2006–2009) işləyib.

1939 – Xalq artisti İrina Aleksandrovna Perlova (1939 – 14.9.2010) anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (rus bölməsi) quruluşçu rejissor işləyib.

1948 – Sənətşünas, memarlıq doktoru, professor Vilayət Hidayət oğlu Kərimov anadan olub.

1958 – Xalq artisti Kamran Məmmədqulu oğlu Quliyev Naxçıvan MR Babək rayonunun Zeynəddin kəndində doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru və baş rejissoru olub.

1962 – Əməkdar artist Füzuli İsmət oğlu Hüseynov Balakən rayonunda anadan olub. Akademik Milli Dram Teatrının aktyorudur, filmlərə çəkilib.

10 SЕNTYABR

1901 – Əməkdar artist, vokalçı Qulam Məşədi Kazım oğlu İsgəndərov (1901– 1975) Şamaxıda doğulub. Opera və Balet Teatrında çalışıb.

1917 – Xalq artisti Firuzə Məmmədqulu qızı Əlixanova (1917 – 24.11.1994) Naxçıvan MR Ordubad rayonunda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb, teatrın ilk aktrisalarından biri olub.

1931 – Xalq artisti, tanınmış vokal ifaçısı, aktyor Mobil Salman oğlu Əhmədov (1931 – 3.6.2006) Gəncədə doğulub. Musiqili Komediya Teatrında çalışıb, tamaşalarda əsas rolları ifa edib.

1935 – Şərqşünas, ədəbiyyatşünas Maqsud İbrahim oğlu Hacıyev Quba rayonunun Gümür kəndində anadan olub. İran, əfqan ədəbiyyatına dair tədqiqatların müəllifidir.

1947 – Yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli (Mustafa Şura oğlu Mustafayev) Ağdam rayonunun Çəmənli kəndində doğulub. Tarixi mövzuda əsərlərin, musiqi sənəti tariximizlə bağlı kitabların müəllifidir.

1948 – Əməkdar incəsənət xadimi, tarzən Məmmədağa Əkbər oğlu Kərimov anadan olub. Azərbaycan Milli Konservatoriyasının professorudur.

1949 – Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İsrafil Ramazan oğlu İsrafilov Bakıda anadan olub. Azərbaycan Milli İncəsənət Muzeyinin, Akademik Milli Dram Teatrının direktoru işləyib.

1954 – Əməkdar artist Qəmər Məlik qızı Məmmədova anadan olub. Dövlət Gənclər Teatrında çalışıb, 2009-cu ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır, filmlərə çəkilib.

1970 – Əməkdar mədəniyyət işçisi Şəhla Əliheydər qızı Qəmbərova anadan olub. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktorudur.

2009 – Bakıda I Beynəlxalq Kitab Sərgi-Yarmarkası işə başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgi 12 sentyabradək davam edib.

2014 – Şəkidə I Beynəlxalq Teatr Festivalı işə başlayıb. Sentyabrın 19-dək davam edən festival Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İtifaqının təşkilatçılığı ilə gerçəkləşib. Şəki Beynəlxalq Teatr Festivalı iki ildən bir keçirilir.

11 SЕNTYABR

1913 – Kinorejissor, operator, Xalq artisti Muxtar Baba oğlu Dadaşov (1913 – 7.5.1998) anadan olub. “Qanun naminə”, “Bakıda küləklər əsir” və s. filmlərə quruluş verib. Sənədli və bədii filmlərin (“Yeni horizont”, “Arşın mal alan”) operatoru olub.

1961 – Əməkdar rəssam, heykəltəraş Azad Sabir oğlu Zeynalov anadan olub. Görkəmli şəxsiyyətlərin qəbirüstü abidələrinin müəllifidir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektorudur.

1981 – Əməkdar artist Elnur Umbay oğlu Kərimov anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur, filmlərə çəkilib.

12 SЕNTYABR

1887 – Görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminli (1887 – 3.1.1943) Şuşada doğulub. Azərbaycan Xalq Cümhuriyyətinin İstanbulda səfiri olub, sonra mühacirətdə yaşayıb, 1926-cı ildə Azərbaycana qayıdıb. 1940-cı ildə həbs olunub, Rusiyanın Nijni Novqorod vilayətində həbs düşərgəsində vəfat edib. “İki od arasında” (“Qan içində”) tarixi romanının, “Qızlar bulağı”, “Bir cavanın dəftəri” və s. əsərlərin müəllifidir.

1921 – Şair, dramaturq Novruz Gəncəli (Novruz İsmayıl oğlu Sadıqov; 1921 – 19.10.1995) anadan olub. C.Bаyronun şeirlərini, B.Brехtin “Kurаj аnа və onun uşаqlаrı” pyesini Azərbaycan dilinə çevirib.

1938 – Xalq artisti, rejissor, ssenarist Tofiq Rzaqulu oğlu Şahverdiyev Bakıda anadan olub. Rusiyada “Lenfilm”, “Mosfilm” və digər kinostudiyalarda çalışıb. Rusiya Federasiyasının Əməkdar incəsənət xadimidir.

1943 – Əməkdar incəsənət xadimi, aktyor Nizami İbrahim oğlu Həmzəyev Naxçıvan şəhərində doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.

1948 – Əməkdar mədəniyyət işçisi Bayram Süleyman oğlu Qurbanov anadan olub. Zaqatala rayon Mədəniyyət Mərkəzinin Xalq teatrının rejissorudur.

1958 – Əməkdar memar Fərhad Ədhəm oğlu Mollazadə anadan olub.

1981 – Bakıda Azərbaycan yazıçılarının VII qurultayı işə başlayıb. Respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev qurultayda çıxış edib.

2001 – Yazıçı, tərcüməçi Manaf Fərəc oğlu Süleymanov (3.3.1912 – 12.9.2001) vəfat edib.

2008 – Bakıda dahi özbək şairi Əlişir Nəvainin abidəsinin açılışı keçirilib. Mərasimdə Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və İslam Kərimov iştirak ediblər.

13 SЕNTYABR

1893 – Əməkdar artist, opera müğənnisi Əli Əbdül oğlu Zülalov (1893–1963) Şuşada anadan olub.

1933 – Görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik, Dövlət mükafatı laureatı Arif Cahangir oğlu Məlikov (1933 – 9.5.2019) Bakıda doğulub. “Məhəbbət əfsanəsi” baleti, “Dalğalar” operetası, “Füzuli”, “Vətən”, “Metamorfozlar” simfonik poemaları, 8 simfoniya və s. əsərlərin müəllifidir. Filmlərə (“Sehrli xalat”, “Axırıncı aşırım”), tamaşalara musiqi yazıb. Bakı Musiqi Akademiyasının professoru olub.

1969 – Xalq rəssamı İsmayıl Hüseyn oğlu Axundov (15.4.1907 – 1969) vəfat edib. Azərbaycan Rəssamlar İtifaqının ilk sədri olub.

1997 – Prezident Heydər Əliyev “Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında” fərman imzalayıb.

2005 – Parisdə, UNESCO-nun mənzil-qərargahında görkəmli Azərbaycan alimi, akademik Yusuf Məmmədəliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

2018 – Prezident İlham Əliyev Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləğinin artırılması (400 manat) haqqında sərəncam imzalayıb.

14 SЕNTYABR

1880 – Yazıçı İbrahim Mehdi bəy oğlu Musabəyov (1880–1942) Qəbələdə anadan olub. Yazıçının “Neft və milyonlar səltənətində” povesti əsasında 1916-cı ildə Azərbaycanın ilk tammetrajlı bədii filmi çəkilib. Qazaxıstanın Karaqanda şəhərində sürgündə vəfat edib.

1911 – Şair, dramaturq, ədəbiyyatşünas Müzəfər Qasım oğlu Nəsirli (1911– 1980) Naxçıvan MR Şahbuz rayonu Sələsüz kəndində anadan olub.

1939 – Yazıçı-dramaturq Aslan Qəhrəman oğlu Qəhrəmanlı (1939 – 19.1.2014) Ağstafa rayonunun Yenigün kəndində doğulub. Televiziyada ekranlaşdırılmış “Səni axtarıram”, “Bağışla” və “Səndən xəbərsiz” pyeslərinin, povest və hekayələrin müəllifidir.

1941 – Əməkdar incəsənət xadimi, kinorejissor Teymur Bəkir oğlu Bəkirzadə (1941– 1996) Bakıda doğulub. “Azərbaycanfilm” kinostudiyasında sənədli və bədii filmlərə (“Rəqiblər”, “Yol əhvalatı”) quruluş verib.

1947 – Əməkdar müəllim, musiqişünas Lalə Oruc qızı Dadaşova anadan olub.

1949 – Əməkdar artist Sona Qədir qızı Mirzəyeva (1949–1985) Bakıda doğulub. İrəvan Azərbaycan, Naxçıvan teatrlarının aktrisası olub.

1953 – Sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar müəllim Vəfa Xanoğlan oğlu Əliyev Füzuli rayonunun Kürdmahmudlu kəndində doğulub. Mədəniyyət və İncəsənət Universitetində çalışıb, Bakı Xoreoqrafiya Akademiyasının professorudur.

1957 – Şair, publisist Rüstəm Behrudi (Rüstəm Hidayət oğlu Alməmmədov) Naxçıvan MR Ordubad rayonunun Behrud kəndində anadan olub. “Yaddaşlara yazın”, “Şaman duası” və s. kitabların müəllifidir.

1965 – Əməkdar mədəniyyət işçisi Xədicə Vəli qızı Əsədova anadan olub. Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavinidir.

1973 – Bakıda Azərbaycanın böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin (1369–1417) anadan olmasının 600 illiyinə həsr edilmiş təntənəli mərasim keçirilib. Yubileyə dünyanın 30-dək ölkəsindən qonaqlar qatılıb. Respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev mərasimdə çıxış edib.

1976 – Əməkdar artist, xanəndə Təyyar Allahverdi oğlu Bayramov Ağdam rayonunda anadan olub. Akademik Opera və Balet Teatrının, Beynəlxalq Muğam Mərkəzinin solistidir.

1989 – Azərbaycan Nazirlər Sovetinin müvafiq qərarı ilə Naxçıvan Dövlət Kukla Teatrı yaradılıb. 2004-cü ildən Məhəmməd Tağı Sidqinin adını daşıyır.

1992 – Xalq şairi Hüseyn Arif (Hüseynzadə Hüseyn Camal oğlu; 15.6.1924 – 1992) vəfat edib. Azərbaycan Aşıqlar Birliyinin sədri olub.