Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycanın mədəniyyət təqvimi” elektron kataloqu (16.10.2021-ci il tarixədək)

29.09.2021

1 OKTYABR

1 oktyabr Beynəlxalq Musiqi Günüdür (International Music Day). UNESCO yanında Beynəlxalq Musiqi Şurasının qərarı ilə 1975-ci ildən qeyd olunur.

1897 – Görkəmli şairə Xurşidbanu Natəvan (1832, Şuşa –1897) vəfat edib. Sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızıdır. Şuşada “Məclisi-üns” ədəbi birliyinin yaradıcısı olub. Ağdamın “İmarət” qəbiristanlığında dəfn edilib.

1932 – Mədəniyyət xadimi Əkbər Fərzəli oğlu Fərzəliyev (1932–1999) Qusar rayonunda anadan olub. “Qızmar günəş altında”, “Koroğlu” və s. filmlərdə çəkilib. 1963-cü ildə Qusarda Ləzgi Xalq teatrını təşkil edib.

1935 – Rejissor, Əməkdar incəsənət xadimi Ziyafət Əmir oğlu Abbasov anadan olub. “Azərbaycanfilm” kinostudiyasının direktoru (1995–2001) işləyib, “Mozalan” satirik kinojurnalı üçün bədii və sənədli süjetlər çəkib.

1949 – Əməkdar incəsənət xadimi, şair, tərcüməçi Vaqif Bayatlı Odər (Vaqif İsib oğlu Cəbrayıllı) Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub. Kitabları: “Unudulacaq bütün sevdalar”, “Ölənəcən sevmək azdır!” və s.

1949 – Əməkdar artist Almaz Əhməd qızı Mustafayeva anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır, filmlərə çəkilib.

1960 – Xanəndə, Xalq artisti Mənsum İsrafil oğlu İbrahimov Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub. 1993-cü ildən opera tamaşalarında çıxış edir. “Qarabağ” muğam üçlüyünün rəhbəridir. Milli Konservatoriyanın professorudur.

1962 – Rejissor, Əməkdar incəsənət xadimi Bəhram Məcid oğlu Osmanov Gəncədə doğulub. Akademik Milli Dram, Füzuli, Gəncə, Lənkəran teatrlarında tamaşalara quruluş verib. 2012-ci ildən Gənc Tamaşaçılar Teatrının baş rejissorudur.

1965 – Qəzəlxan şair, Əməkdar incəsənət xadimi Əlağa Vahid (Əlağa Məmmədqulu oğlu İsgəndərov; 18.2.1895 – 1965) vəfat edib. Nizami, Xaqani, Nəvai və b. şairlərin qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

2002 – Bakıda Azərbaycan, Skandinaviya və Cənubi Amerika ölkələri musiqiçilərinin iştirakı ilə Beynəlxalq milli musiqi festivalı başlayıb.

2012 – Heydər Əliyev Sarayında Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş təntənəli gecə keçirilib.

2018 – Bakı şəhərində dahi bəstəkar Qara Qarayevin ev-muzeyinin açılış mərasimi olub.

3 OKTYABR

3 oktyabr “Türkdilli xalqların həmrəyliyi günü”dür. 2009-cu ilin 3 oktyabrında Naxçıvanda Türk Şurasının (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası) yaradılması haqqında bəyannamə imzalanıb. 2010-cu ildə türkdilli dövlət başçılarının İstanbul sammitində bu tarix “Türkdilli xalqların həmrəyliyi günü” kimi təsis olunub.

1875 – Yazıçı-dramaturq Süleyman Sani Rzaqulu bəy oğlu Axundov (1875 - 29.3.1939) Şuşada anadan olub. Yazıçının “Qorxulu nağıllar” toplusu Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır. “Laçın yuvası”, “Eşq və intiqam”, “Tamahkar” və s. pyeslərin müəllifidir.

1887 – Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (1887 – 14.11.1967) anadan olub. “Arşın mal alan” (1945) filmində Soltan bəy obrazına görə Dövlət mükafatına layiq görülüb. Bu rolu Musiqili Komediya Teatrında 600 dəfə ifa edib. “Qara daşlar”, “Ögey ana” və s. filmlərdə çəkilib.

1938 – Əməkdar memar Kamran Darab oğlu Sultanov anadan olub.

1955 – Tarix elmləri doktoru Məryəm Həsən qızı Seyidbəyli Bakıda anadan olub. AMEA-nın Elm Tarixi İnstitutunun direktorudur.

1990 – Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Naxçıvan MR Culfa rayonu ərazisində “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

1996 – Xalq yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev (26.5.1914 – 1996) vəfat edib. “Söyüdlü arx”, “Körpüsalanlar”, “Geriyə baxma, qoca” və s. romanların, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin müəllifidir.

5 OKTYABR

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. 1966-cı il oktyabrın 5-də UNESCO-nun qərarı ilə təsis edilib.

1918 – Xalq artisti Qalina Borisovna Koltunova (1918–1994) Bakıda doğulub. Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası (1943-cü ildən) olub.

1928 – Tanınmış ədəbiyyatşünas alim, yazıçı Məsud Əlioğlu (Vəliyev; 1928–1973) Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub.

1928 – Azərbaycan SSR Xalq Maarif Komissarlığının qərarına əsasən, Bakı Fəhlə Uşaq Teatrının rus bölməsi yaradılıb. Teatrın Azərbaycan bölməsi 1930-cu il ildə (ilk tamaşa – 30 yanvar) fəaliyyətə başlayıb.

1935 – Görkəmli bəstəkar, Xalq artisti, professor Xəyyam Hadı oğlu Mirzəzadə (1935 – 30.7.2018) Bakıda anadan olub. “Ağlar və qaralar” baletinin, simfoniyaların, mahnıların müəllifidir. 30-dan çox filmə (“Bizim küçə”, “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə” və s.), teatr tamaşalarına musiqi yazıb.

1935 – Əməkdar artist Məcnun Salam oğlu Hacıbəyov Quba rayonunun İkinci Nügədi kəndində doğulub. Akademik Milli Dram Teatrında çalışıb, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

1938 – Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında Səməd Vurğunun “Vaqif” dramının ilk tamaşası (quruluşçu rejissor Ədil İsgəndərov) olub.

1955 – Əməkdar artist Simuzər Məmmədqulu qızı Namazova (1955–1996) Ağdam rayonunun Muğanlı kəndində doğulub. Ağdam və Gəncə teatrlarında çalışıb.

1955 – Əməkdar artist Ötkəm İskəndərov Neftçala şəhərində anadan olub. Filmlərə çəkilib. Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Gənc Tamaşaçılar Teatrında uşaq və yeniyetmələrlə iş aparan təşkilatçı-pedaqoqdur.

1958 – Teatrşünas, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Ağa Yunus oğlu Talıbzadə Bakıda doğulub. “Şərq teatrı tarixi”, “Teatral freskalar” və s. kitabların müəllifi, Mədəniyyət və İncəsənət Universitetinin professorudur. 

1981 – Əməkdar artist Elnur Razdaq oğlu Süleymanov anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir.

1985 – Əməkdar artist Viktoriya Aleksandrovna Şahmuradova anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir.

1985 – Əməkdar artist, vokal ifaçısı (kontratenor) İlham İslam oğlu Nəzərov anadan olub. Beynəlxalq müsabiqələrin qalibi və laureatıdır. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir.

2002 – Prezident Heydər Əliyev Milli Televiziya və Radio Şurasının yaradılması haqqında fərman imzalayıb.

2011 – Prezident İlham Əliyev tanınmış ədəbiyyatşünas, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Abbas Zamanovun 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

2016 – Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə “Mədəniyyət təsisatlarına xüsusi statusların verilməsi Qaydası” təsdiq edilib.

6 OKTYABR

1948 – Əməkdar artist Fikrət Qulamhüseyn oğlu Məmmədov Bakıda anadan olub. Azərbaycan Televiziyasının solisti, Bakı Musiqi Akademiyasının Nəfəs və zərb alətləri kafedrasının dosentidir.

1950 – Əməkdar incəsənət xadimi Sonaxanım Qulam qızı İbrahimova anadan olub. Bakı Xoreoqrafiya Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektorudur.

1954 – Əməkdar mədəniyyət işçisi, kinorejissor Elman Dadaş oğlu Şeydayev anadan olub. “Azərbaycanfilm” kinostudiyasında çalışır.

1956 – Xalq artisti Nurəddin Əzulla oğlu Mehdixanlı (Quliyev) Cəlilabad rayonunun Tahirli kəndində doğulub. 1978-ci ildən Akademik Milli Dram Teatrında çalışır. “İşarəni dənizdən gözləyin”, “Məhkumlar”, “Cavad xan” və s. filmlərə çəkilib, televiziya tamaşalarında rol alıb.

1975 – Bakıda Səməd Vurğunun ev-muzeyinin açılışı keçirilib. Respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev mərasimdə iştirak edib.

1966 – Əməkdar artist, müğənni, aktrisa Almaz Ramiz qızı Ələsgərova anadan olub. Akademik Musiqili Teatrda çalışır.

2008 – Prezident İlham Əliyev “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb.

7 OKTYABR

1921 – Əməkdar mədəniyyət işçisi, kino təşkilatçısı Gita Aleksandrovna Bessantina (1921–2000) anadan olub.

1946 – Əməkdar mədəniyyət işçisi, aşıq Haşım Səftər oğlu Balasıyev anadan olub.

1947 – Əməkdar incəsənət xadimi, kinooperator Amin Novruzəli oğlu Novruzov anadan olub. 1983-cü ildən “Azərbaycanfilm” kinostudiyasında çalışır. Çəkdiyi filmlər: “Cin mikrorayonda”, “Bəxt üzüyü”, “Yalan” və s.

1981 – Xalq şairi, tərcüməçi Nigar Xudadat bəy qızı Rəfibəyli (29.6.1913 – 1981) vəfat edib. Lirik şeirləri ilə XX əsr Azərbaycan poeziyasını zənginləşdirib, rus ədəbiyyatından tərcümələr edib.

9 OKTYABR

1918 – Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarına əsasən, teatr işi Xalq Maarifi Nazirliyinin sərəncamına verilib. Nazirliyə mövcud truppalar əsasında Dövlət Teatrını təşkil etmək tapşırılıb. Dövlət Teatrının rəsmi açılışı 1919-cu il oktyabrın 24-də keçirildi.

1946 – Əməkdar incəsənət xadimi, tanınmış kinooperator Kənan Əzizağa oğlu Məmmədov anadan olub. Lentə aldığı filmlər: “Doğma sahillər”, “Fəryad”, “Atları yəhərləyin”, “Təhminə”, “Otel otağı”, “Ovsunçu”, “Küçələrə su səpmişəm” və s.

1954 – Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin “Atayevlər ailəsi” pyesinin ilk tamaşası (rejissor Tofiq Kazımov) olub.

1971 – Bakıda Azərbaycan Teatr Xadimləri İtifaqının Abbas Mirzə Şərifzadə adına Aktyor evi açılıb.

1972 – Əməkdar artist Elmira Nəsir qızı Kərimova Sumqayıtda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktrisasıdır.

1974 – Əməkdar artist, bəstəkar Vüqar Vaqif oğlu Camalzadə anadan olub. Azərbaycan Dövlət Kukla Teatrının musiqi hissə müdiridir.

1998 – Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yeni binasının açılış mərasimi keçirilib. Prezident Heydər Əliyev mərasimdə iştirak edib.

2012 – I Bakı Beynəlxalq İdman Filmləri Festivalı işə başlayıb. Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə keçirilən festival oktyabrın 11-dək davam edib.

12 OKTYABR

 

1948 – Əməkdar memar Elkin Hənifə oğlu Ələsgərov anadan olub.

1961 – Əməkdar artist, tarzən Malik Məmməd oğlu Mansurov anadan olub.

1966 – Əməkdar artist Fərmail Sabir oğlu Paşayev anadan olub. Gəncə Dövlət Kukla Teatrının direktorudur.

1990 – Əməkdar mədəniyyət işçisi, aşıq Mikayıl Cabbar oğlu Azafı (Zeynalov, 21.3.1924 – 1990) vəfat edib. “Azafı dübeyti”, “Azafı gözəlləməsi”, “Azafı gəraylısı” kimi aşıq havalarının müəllifidir.

1997 – “Space” Televiziyası yayıma başlayıb.

13 OKTYABR

1918 – Əməkdar incəsənət xadimi, rəssam Lətif Əbdülbaği oğlu Feyzullayev (1918–1987) anadan olub. Abşeron təbiətinin koloriti, Xəzər neftçiləri ilə bağlı maraqlı əsərlərin müəllifidir.

1938 – Əməkdar artist Hamlet Ağadadaş oğlu Qurbanov (1938 – 15.11.1995) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə (“Dədə Qorqud”, “O dünyadan salam” və s.), televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

1938 – Əməkdar incəsənət xadimi, kinooperator Şərif Şərifov (1938 – 26.9.2008) Bakıda anadan olub. Filmləri: “Yol əhvalatı”, “Əzablı yollar”, “Şir evdən getdi”, “Qərib cinlər diyarında” və s.

1940 – Bəstəkar, Əməkdar incəsənət xadimi Rəşid Şəfəq (Rəşid Camal oğlu Əliyev; 1940 – 24.8.2017) Bakıda anadan olub. “Bir saatlıq xəlifəlik”, “Baş tutmayan hiylə” operetalarının, uşaqlar üçün musiqili səhnə əsərlərinin (“Tülkü, tülkü, tünbəki...”), mahnıların müəllifidir.

1940 – Əməkdar incəsənət xadimi, kinoşünas İmran Musa oğlu Xəlilov (1940 – 18.7.2000) anadan olub. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

1943 – Əməkdar mədəniyyət işçisi, yazıçı-dramaturq, tərcüməçi Vaqif Ənvər oğlu Əlixanlı Quba rayonunun Yerfi kəndində anadan olub.

1949 – Rejissor, Əməkdar incəsənət xadimi Cahangir Həsənağa oğlu Zeynallı anadan olub. Bədii (“Əlaqə”) və çoxsaylı sənədli filmlər çəkib.

1952 – Əməkdar artist Qurban Səməd oğlu Qasımov Naxçıvan şəhər Qaraxanbəyli kəndində doğulub.

1957 – Əməkdar memar Leyla Qafar qızı Hüseynova anadan olub. “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun əməkdaşıdır. 

1967 – Tanınmış aktyor, teatr xadimi İbrahim Hüseyn oğlu İsfahanlı (Hüseynzadə; 1897–1967) vəfat edib. Tifis Azərbaycan Dram Teatrının baş rejissoru olub, Gürcüstanın Xalq artisti adına layiq görülüb. “Böyük dayaq” filmində (Yarməmməd) çəkilib.

1974 – Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Sətar Bəhlul oğlu Bəhlulzadə (15.12.1909 – 1974) vəfat edib. Əsərləri müxtəlif xarici muzeylərin eksponatları sırasındadır.

1986 – Azərbaycan SSR Mədəniyyət Nazirliyinin qərarı ilə Gəncə Dövlət Kukla Teatrı yaradılıb. Teatrın ilk tamaşası 25 aprel 1987-ci ildə göstərilib.

1999 – Naxçıvan şəhərində Prezident Heydər Əliyevin iştirakı ilə Cəlil Məmmədquluzadənin ev-muzeyinin açılış mərasimi keçirilib.

2009 – Bakıda İslam Əməkdaşlıq Təşkilatı ölkələri Mədəniyyət nazirlərinin VI konfransı işə başlayıb. Oktyabrın 15-dək davam edən konfransa Azərbaycanın təşəbbüsü ilə Avropa ölkələrindən də nazirlər dəvət olunub.

2011 – Prezident İlham Əliyev Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Dövlət mükafatları laureatı, SSRİ Xalq rəssamı Tahir Salahovun evmuzeyinin yaradılması haqqında sərəncam imzalayıb.

2019 – Ərəbşünas alim, akademik Vasim Məmmədəli oğlu Məmmədəliyev (27.8.1942 – 2019) vəfat edib. “Qurani Kərim”in Azərbaycan dilinə tərcüməçilərindən biridir. “Ərəb dilçiliyi”, “Quran və elm” və s. monoqrafiyaların, dərsliklərin müəllifidir.

15 OKTYABR 

1910 – Tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Hüseyn Əli oğlu Seyidzadə (1910 – 2.6.1979) İrəvan şəhərində anadan olub. “O olmasın, bu olsun”, “Koroğlu”, “Dəli Kür”, “Yenilməz batalyon”, “Qayınana” filmlərini çəkib.

1910 – Tarixçi, ictimai xadim İsmayıl Abbas oğlu Hüseynov (1910–1969) anadan olub.

1933 – Əməkdar mədəniyyət işçisi, kino təşkilatçısı Nurəddin Xeyrulla oğlu Babayev (1933–2012) anadan olub.

1919 – Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti mətbuat azadlığına geniş imkanlar yaradan qanun qəbul edib. Həmin dövrdə fərqli siyasi mövqeləri əks etdirən Azərbaycan və rus dillərində 50-dən çox qəzet nəşr olunurdu.

1928 – Xalq rəssamı Yusif İsmayıl oğlu Hüseynov (1928 – 1.9.2009) Bakıda doğulub. Yaradıcılığı kitab və dəzgah qrafikası, siyasi plakatlar və rəngkarlıq əsərləri ilə zəngindir. 1977– 1987-ci illərdə Azərbaycan Rəssamlar İtifaqı İdarə heyətinin sədri olub.

1932 – Şair Hafiz Həbib oğlu Baxış (1932–1989) Zəngəzur mahalının Yuxarı Kirətağ kəndində doğulub. Sözlərinə populyar mahnılar bəstələnib.

1938 – Azərbaycan teatr tarixində xidmətləri olmuş tanınmış aktrisa Panfiliya Nikolayevna Tanailidi (1891–1938) repressiya edilərək güllələnib. Milliyyətcə yunandır. Tifis Azərbaycan teatrında, 1925-ci ildən Akademik Dram Teatrında çalışıb.

1946 – Əməkdar mədəniyyət işçisi, kinoşünas, kino təşkilatçısı Abbas İbrahim oğlu Əliyev (1946–2008) anadan olub.

1950 – Xalq artisti, tarzən Ağasəlim Sahib oğlu Abdullayev Bakıda anadan olub. Azərbaycan Televiziyası Baba Salahov adına “Araz” xalq çalğı alətləri ansamblının rəhbəridir. Mədəniyyət və İncəsənət Universitetində, Milli Konservatoriyada dərs deyir.

1951 – Əməkdar artist, aktyor, rejissor Zilli Yunus oğlu Namazov anadan olub. “Azərbaycanfilm” kinostudiyasında çalışır. 

1958 – Əməkdar mədəniyyət işçisi, bəstəkar Eldar Ağadadaş oğlu Dadaşov anadan olub. Bakı Xoreoqrafiya Akademiyasında çalışır.

1958 – Əməkdar artist, aktyor, şoumen, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qorxmaz Məmməd oğlu Əlilicanzadə Bakının Maştağa kəndində doğulub.

1960 – Akademik Milli Dram Teatrının Füzuli meydanındakı yeni binasında ilk tamaşa (Cəfər Cabbarlının “Almaz” pyesi) göstərilib.

1964 – Azərbaycan Radiosunun ikinci proqramı – “Araz” xəbər və musiqi kanalı yayıma başlayıb.

1990 – Əməkdar artist Nigar Azər qızı Ramazanova anadan olub. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisasıdır.