Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycanın mədəniyyət təqvimi” elektron kataloqu (16.11.2021-ci il tarixədək)

02.11.2021

2 NOYABR

1922 – Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşrini davam etdirən “Molla Nəsrəddin” satirik jurnalının Bakıda ilk sayı çapdan çıxıb. Jurnal 1906– 1918-ci illərdə Tifisdə, 1921-ci ildə Təbrizdə nəşr olunmuşdu.

1923 – Azərbaycanı Tədqiq və Tətəbbö (Araşdırma) Cəmiyyəti – respublikanın baş elmi müəssisəsi təsis olunub. Sonralar təşkilat müxtəlif adlarla fəaliyyət göstərib və onun əsasında Azərbaycan Elmlər Akademiyası (1945) yaradılıb.

1934 – Şair, Əməkdar müəllim Oqtay Rza (Oqtay Məhərrəm oğlu Rzalı; 1934 – 18.8.2019) Salyan rayonunun Qalalı kəndində doğulub. N.Tusi adına ADPİ-də işləyib. Dünya xalqları ədəbiyyatından tərcümələr edib.

1937 – Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 1937 – 18.11.2000) anadan olub. “Hicran”, “Bankir adaxlı” və s. musiqili komediyalarının, populyar mahnıların müəllifidir. Tamaşalara, filmlərə (“Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Onun bəlalı sevgisi”, “İstintaq” və s.) musiqi bəstələyib.

1947 – Əməkdar artist Telman Rüstəm oğlu Əliyev (1947 – 4.7.2017) Şuşa şəhərində anadan olub. Gəncə, Akademik Milli Dram teatrlarında çalışıb, filmlərdə çəkilib.

1952 – Əməkdar artist Elxan Əlibala oğlu Quliyev Bakıda doğulub. Akademik Milli Dram Teatrının aktyorudur, filmlərdə çəkilib.

1955 – Əməkdar artist Rafiq Əli oğlu İbrahimov Bakıda anadan olub. Sumqayıt teatrında çalışıb. Bakı Bələdiyyə Teatrının aktyorudur, filmlərdə çəkilib.

1961 – Xalq artisti, skripka ifaçısı Şəhla İbrahim qızı İbrahimova anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin baş konsertmeysteri, Bakı Musiqi Akademiyasının professorudur.

1961 – Əməkdar artist, tanınmış televiziya diktoru Nailə Hümbət qızı İslamzadə Balakən rayonunda doğulub.

1964 – Əməkdar artist Murad Məmmədrza oğlu Muradov (1884–1964) vəfat edib. Ağdam rayonunun Muradbəyli kəndində doğulub, Akademik Milli Dram Teatrının aktyoru olub. 

1988 – Görkəmli aktrisa, Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökumə Abbasəli qızı Qurbanova (11.6.1913 – 1988) vəfat edib. 1938-ci ildən Akademik Milli Dram Teatrında çalışıb.

1989 – Əməkdar artist, pianoçu, bəstəkar, cazmen İsfar Aydın oğlu Rzayev-Sarabski Bakıda doğulub. Pianoçuların Montrö Caz Festivalının (İsveçrə, 2009) qalibidir.

4 NOYABR

1939 – Əməkdar mədəniyyət işçisi Limunət Nurullah qızı Abdullayeva (1939– 2016) Qax rayonunun Qaxmuğal kəndində doğulub. Qax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru işləyib.

1944 – Əməkdar mədəniyyət işçisi, rejissor, animasiya filmləri rəssamı Rauf Məmmədağa oğlu Dadaşov anadan olub. “Azərbaycanfilm” kinostudiyasında, “Azanfilm” studiyasında işləyib.

1946 – BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı – UNESCO (United Nations Educational, Scientific and Cultural Organization) fəaliyyətə başlayıb. Təşkilatın nizamnaməsi 1945-ci il noyabrın 16-da Parisdə imzalanıb, 1946-cı il noyabrın 4-də qüvvəyə minib.

1954 – Aktyor Fərman Abdulcabbar oğlu Abdullayev (1954 – 5.3.2013) Şəkidə anadan olub. Şəki teatrında çalışıb, filmlərə (“Həm ziyarət, həm ticarət...”, “Sarı gəlin”, “Yalan”) çəkilib.

1959 – Tanınmış dirijor, Xalq artisti Yalçın Vasif oğlu Adıgözəlov Bakıda doğulub. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri olub. Akademik Opera və Balet Teatrının dirijoru, Bakı Musiqi Akademiyasının professorudur.

1966 – Əməkdar mədəniyyət işçisi Əbülfəz Sevindik oğlu Rzayev anadan olub. Ə.Cavid adına Naxçıvan şəhər Uşaq musiqi və bədii sənətkarlıq məktəbinin müəllimidir.

1968 – Əməkdar artist, instrumental ifaçı Əziz Yaşar oğlu Qarayusifi anadan olub. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktorudur.

1978 – Əməkdar mədəniyyət işçisi Şirin Yaşar qızı Məlikova anadan olub. Azərbaycan Milli Xalça Muzeyinin direktorudur.

2011 – Bakıda ilk dəfə “Fusion Doll” Beynəlxalq Kukla Biennalesi açılıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq sərgi noyabrın 10-dək davam edib.

8 NOYABR

1923 – Xalq artisti, instrumental ifaçı, dirijor Tofiq Qəzənfər oğlu Əhmədov (1923 – 23.3.1981) anadan olub. Azərbaycan Radiosu və Televiziyasının estrada orkestrini yaradıb, milli caz musiqisinin inkişafına töhfələr verib.

1930 – Bəstəkar, Əməkdar incəsənət xadimi Əfsər Bayram oğlu Cavanşirov (1930 – 20.5.2006) Füzuli rayonunun Horadiz kəndində doğulub. Azərbaycan Televiziyası və Radiosunun “Bənövşə” uşaq xorunun yaradıcısı (1958) və bədii rəhbəri olub. Simfoniyalar, uşaq xoru üçün əsərlər yazıb.

1939 – Kino xadimi, səs rejissoru və operatoru Ələkbər Əliheydər oğlu Həsənzadə (1939 – 1.7.2019) Bakıda doğulub. “Azərbaycanfilm”, “Lenfilm” kinostudiyalarında çalışıb, Rusiyanın Əməkdar incəsənət xadimi olub.

1942 – Əməkdar memar, respublika Dövlət mükafatı laureatı Əlibəy Nəzərəli oğlu Novruzi anadan olub.

1944 – Teatrşünas, yazıçı-publisist Cəlil Həbib oğlu Vəzirov (1944–2008) anadan olub. Naxçıvan Muxtar Respublikası Teatr Xadimləri İtifaqının sədri işləyib.

1996 – Bakıda dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyinə həsr edilmiş təntənəli gecə keçirilib. Prezident Heydər Əliyev mərasimdə çıxış edib.

2018 – Xalq artisti, görkəmli aktrisa Amaliya Əliş qızı Pənahova (15.6.1945 – 2018) vəfat edib. 1964-cü ildən Akademik Milli Dram Teatrında çalışıb. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. Filmlərdə yaddaqalan rollar oynayıb.

9 NOYABR

9 no­yabr Azər­bay­can­da Döv­lət Bay­ra­ğı Gü­nü­dür. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə üçrəngli bayraq (mavi, qırmızı, yaşıl) dövlət rəmzi kimi təsdiq edilib. Azərbaycan sovetləşəndən sonra bayraq dəyişdirilib. 1991-ci ildə üçrəngli bayraq yenidən Azərbaycanın dövlət rəmzi kimi qəbul olunub. Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli sərəncamı ilə 9 noyabr Dövlət Bayrağı Günü elan edilib.

1912 – Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operasının ilk tamaşası (quruluşçu rejissor Hüseyn Ərəblinski) olub.

1926 – Xalq rəssamı Davud Mehdi oğlu Kazımov (1926 – 14.2.2015) Bakıda doğulub. Rəngkarlıqla yanaşı, qrafika ustası kimi də tanınıb, bədii əsərlərə illüstrasiyalar çəkib. Əsərləri Milli İncəsənət, Ədəbiyyat muzeylərində nümayiş etdirilir. Dövlət Rəssamlıq Akademiyasının professoru olub.

1943 – Əməkdar memar Pərviz Həsən oğlu Əliyev anadan olub.

1954 – Bəstəkar, Xalq artisti, professor Siyavuş Əşrəf oğlu Kərimi Bakıda doğulub. Azərbaycan Televiziyası və Radiosu Estrada simfonik orkestrinin bədii rəhbəri olub. Azərbaycan Milli Konservatoriyasının rektorudur. Filmlərə, tamaşalara musiqi yazıb.

1973 – Xalq artisti, tanınmış aktyor Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə; 15.5.1899 –1973) vəfat edib. Akademik Dram Teatrında çalışıb, filmlərdə çəkilib.

1994 – Xalq yazıçısı, Dövlət mükafatı laureatı Bayram Salman oğlu Bayramov (11.12.1918 – 1994) vəfat edib. Mən ki gözəl deyildim”, “Firəngiz”, “Onun bəlalı sevgisi” filmlərinin ssenari müəllifidir.

2001 – Bakıda Dünya azərbaycanlılarının I qurultayı işə başlayıb.

2010 – Bakıda I Beynəlxalq Teatr Konfransı işə başlayıb. İki gün davam edən konfrans Mədəniyyət və Turizm Nazirliyi, AMEA və Azərbaycan Teatr Xadimləri İtifaqının birgə təşkilatçılığı ilə gerçəkləşib. Bakı Beynəlxalq Teatr Konfransı iki ildən bir keçirilir.

2013 – Bakıda “Cırtdan” II Bakı Beynəlxalq Kukla Teatrları Festivalı başlayıb. Festival Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Kukla Teatrları Assosiasiyası (UNİMA) və Azərbaycan Dövlət Kukla Teatrının birgə təşkilatçılığı ilə noyabrın 16-dək davam edib.

10 NOYABR

1927 – Tanınmış rəssam, dekorativ-tətbiqi sənət ustası Sabir Məmməd oğlu Şıxlı (1927–2004) Şamaxı şəhərində anadan olub. “Azərbaycanfilm” kinostudiyasında dekorator-rəssam (“Böyük dayaq”, “Səhər” və s. filmlər) işləyib.

1957 – Xalq artisti, müğənni İlqar Əliməmməd oğlu Muradov Naxçıvan şəhərində anadan olub. Filmlərə çəkilib, mahnılar oxuyub.

1975 – Xalq artisti, zərb alətlər ifaçısı Natiq Bahadur oğlu Şirinov Bakıda doğulub. “Natiq” ritm qrupunun rəhbəridir.

1992 – Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında Bakı Bələdiyyə Teatrı yaradılıb. Teatrın yaradıcısı – Xalq artisti Amaliya Pənahova ömrünün sonunadək (2018) bu sənət ocağına rəhbərlik edib.

1997 – Prezident Heydər Əliyev “Azərbaycan Respublikasında ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısının artırılması haqqında” fərman imzalayıb. Fərmana əsasən, qocaman ədəbiyyat və incəsənət xadimlərinə xüsusi təqaüd təyin edilib.

2008 – Parisdə, UNESCO-nun mənzil-qərargahında görkəmli yazıçı, ədəbiyyatşünas alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilib.

2017 – Prezident İlham Əliyevin iştirakı ilə Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışı keçirilib.

11 NOYABR

1907 – Şair, dramaturq, Əməkdar incəsənət xadimi Mirmehdi Həsən oğlu Seyidzadə (1907 – 31.8.1976) Aşqabadda (Türkmənistan) doğulub. Əslən Bakının Əmircan kəndindəndir. 1920-ci ildə ailəliklə Bakıya köçüb. Uşaqlar uçun şeirlər, mənzum nağıllar, pyeslər yazıb. Rus ədəbiyyatından tərcümələr edib.

1921 – Xalq şairi, ədəbiyyatşünas Balaş Azəroğlu (Balaş Allahbaxış oğlu Abizadə; 1921 – 24.4.2011) Bakıda anadan olub. 1938-ci ildə Cənubi Azərbaycana köçüb, milli azadlıq hərəkatına qoşulub. Ərdəbildə və Təbrizdə ilk şeir kitabları nəşr olunub. Sonra yenidən Bakıya qayıdıb. 40-a yaxın kitabın müəllifidir.

1934 – Xalq artisti, görkəmli xanəndə İslam Tapdıq oğlu Rzayev (1934 – 26.1.2008) Füzuli rayonunun Sərdarlı kəndində anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti, “Muğam Teatrı”nın yaradıcısı (1988) və bədii rəhbəri olub, çoxsaylı gənc ifaçılar yetişdirib.

1951 – Xalq artisti, aktyor, rejissor İsmayıl Hüseyn oğlu Hidayətadə (19.8.1901 – 1951) vəfat edib. İlk milli baletin – “Qız qalası”nın libretosunu yazıb. Filmlərə çəkilib.

1955 – Əməkdar rəssam İrina Nikolayevna Eldarova Moskvada anadan olub. Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşıdır. Video-art kimi müasir incəsənət formalarında əsərlər müəllifidir.

12 NOYABR

12 no­yabr Azər­bay­can­da Kons­ti­tu­si­ya Gü­nü­dür. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının yeni Konstitusiyası ümumxalq referendumu ilə qəbul olunub. Prezident Heydər Əliyevin fərmanı ilə 12 noyabr Konstitusiya Günü elan edilib.

1942 – Xalq rəssamı Mirnadir Mirəli oğlu Zeynalov Bakıda anadan olub. Hindistana yaradıcılıq ezamiyyəti (1987) ilə bağlı silsilə əsərlər çəkib. Əsərləri xaricdə (Moskva, Los-Anсeles, Hyuston) nümayiş olunub, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.

1947 – Əməkdar mədəniyyət işçisi, yazıçı Afət Məmmədov anadan olub.

1950 – Əməkdar artist Pərviz Sadıq Saleh oğlu Bağırov Bakıda anadan olub. 1972-ci ildə Akademik Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. “Azərbaycanfilm”də bir çox filmlərin səsləndirilməsində, dublyajında iştirak edib.

1951 – Əməkdar mədəniyyət işçisi Kərim Məhəmməd oğlu Tahirov Ağcabədi rayonunda anadan olub. Azərbaycan Milli Kitabxanasının direktorudur. Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin professorudur.

1955 – Əməkdar mədəniyyət işçisi Nazilə Rəhman qızı Tahirova anadan olub. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşıdır.

2014 – Azərbaycanda II Beynəlxalq Aşıq Festivalı başlayıb. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilən festival noyabrın 18-dək davam edib. Festivalda 8 ölkə təmsil olunub.

13 NOYABR

1939 – Xalq artisti Solmaz Cəbrayıl qızı Qurbanova (1939– 2013) Bakıda doğulub. 1955-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub.

1945 – Xalq artisti Elmira Məhərrəm qızı İsmayılova İrəvanda doğulub. 1968-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrında səhnə fəaliyyətinə başlayıb, filmlərə çəkilib.

1954 – Əməkdar mədəniyyət işçisi Nazim Əsəd oğlu Ağayev Xaçmaz rayonunun Sayad kəndində anadan olub.

1956 – Dövlət xadimi Əbülfəs Mürsəl oğlu Qarayev Bakıda anadan olub. Fəlsəfə elmləri namizədidir. Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) müəllim işləyib. Azərbaycan Respublikasının Gənclər və İdman naziri (1994–2001), Gənclər, İdman və Turizm naziri (2001–2006), Mədəniyyət və Turizm naziri (2006–2018) olub. 2018-ci ildən 2020-ci ilədək Mədəniyyət naziri işləyib.

1960 – Əməkdar incəsənət xadimi Şamil Kamil oğlu Nəcəfzadə anadan olub. Filmləri: “Qala” (ssenari müəllifi və rejissor), “Cin mikrorayonda” (rəssam) və s.

1983 – Kinooperator, Əməkdar incəsənət xadimi Əsgər Cəfər oğlu İsmayılov (1.4.1905 – 1983) vəfat edib. Çəkdiyi filmlər: “Qara daşlar”, “Kölgələr sürünür” (bədii), “Bakıdan Göygölədək” (1947, ilk Azərbaycan rəngli sənədli filmi).

14 NOYABR

1925 – Şair, nasir, publisist Gəray Fəzli (Gəray Fəzli oğlu Alimov; 1925 – 26.12.1995) Qax rayonunun İlisu kəndində doğulub. 40 ilə yaxın Dövlət Radio və Televiziya Verilişləri Komitəsində çalışıb. Şeirlərinə populyar mahnılar yazılıb.

1942 – Xanəndə, Əməkdar artist Sabir Nüsrət oğlu Mirzəyev (1942 – 23.7.2011) Cəlilabad rayonunda anadan olub. İfasında lentə alınan muğam və xalq mahnıları teleradionun “qızıl fond”unda saxlanılır.

1944 – Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseyn oğlu Hüseynov Ağdam rayonunun Gülablı kəndində doğulub.

1949 – Xalq artist Rafiq Hacıbaba oğlu Əliyev Füzuli rayonunun Merdinli kəndində anadan olub. Gənc Tamaşaçılar Teatrında aktyor, rejissor kimi fəaliyyət göstərib, filmlərə (“Qəm pəncərəsi”, “Qətl günü”, “Hökmdarın taleyi” və s.) çəkilib.

2002 – Prezident Heydər Əliyev Azərbaycan milli ifaçılıq sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Şövkət Ələkbərovanın anadan olmasının 80 illiyi haqqında sərəncam imzalayıb.

2006 – Tanınmış estrada müğənnisi, Xalq artisti Oqtay Ağayev (7.11.1934 – 2006) vəfat edib. Azərbaycan Dövlət Estrada Orkestrinin, Azərbaycan Televiziyası və Radiosu Estrada orkestrinin solisti olub.

2016 – Prezident İlham Əliyev Bakı şəhərində V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun keçirilməsi haqqında sərəncam imzalayıb. Simpozium 18–21 oktyabr 2017-ci ildə keçirildi.

15 NOYABR

1919 – Azərbaycanın ilk ali təhsil müəssisəsi – Bakı Dövlət Universiteti fəaliyyətə başlayıb. Universitetin açılması barədə qərar 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən qəbul edilmişdi.

1926 – Azərbaycan Dövlət Dram Teatrında Hüseyn Cavidin “Topal Teymur” dramının ilk tamaşası (quruluşçu rejissor – Aleksandr Tuqanov) olub.

1927 – Xalq artisti, rəqqasə Xumar Rza qızı Zülfüqarova (1927 – 2.7.2017) Bakıda doğulub. Opera və Balet Teatrının solisti, Dövlət Mahnı və Rəqs Ansamblının baletmeysteri olub. Bakı Xoreoqrafiya Məktəbində dərs deyib.

1933 – Ədəbiyyatşünas, professor Firudin Cəlal oğlu Hüseynov (1933 – 31.8.1986) anadan olub. BDU-nun Filologiya fakültəsinə, Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik edib.

1947 – Əməkdar incəsənət xadimi, musiqişünas Hacıbaba Gülməmməd oğlu Məmmədov anadan olub.

1965 – Əməkdar artist Töhfə Ağəli qızı Babayeva anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir.

1995 – Əməkdar artist Hamlet Ağadadaş oğlu Qurbanov (13.10.1938 – 1995) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə (“Dədə Qorqud”, “O dünyadan salam” və s.), televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

2017 – IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı işə başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə noyabrın 17-dək davam edən festivalın müsabiqə proqramına 40 ölkədən filmlər daxil edilib.

2018 – Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.