12.11.2021
16 NOYABR
16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür (International Day for Tolerance). 1995-ci il noyabrın 16-da UNESCO-nun Baş konfransında “Tolerantlıq prinsipləri Bəyannaməsi” qəbul edilib və sənəddə bu tarix Beynəlxalq Tolerantlıq Günü elan olunub.
1938 – Görkəmli aktyor, rejissor, Xalq artisti Abbas Mirzə Əbdülrəsul oğlu Şərifzadə (9.3.1893 – 1938) repressiyaya məruz qalaraq güllələnib. Azərbaycan milli teatr tarixində müstəsna xidmətlər göstərib, dram və opera tamaşalarına quruluş verib. “Bismillah” (1925), “Hacı Qara” (1929) filmlərinin rejissoru olub.
1983 – Əməkdar artist Səbinə Sabir qızı Hacıyeva anadan olub. Dövlət Pantomima Teatrının aktrisasıdır.
1995 – Xalq artisti Zemfira Məmmədəli qızı Əliyeva (1941–1995) vəfat edib. Gəncə, Naxçıvan teatrlarında, Milli Dram Teatrında çalışıb, filmlərə çəkilib.
2010 – Azərbaycan xalça sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyasında (Nayrobi, Keniya) Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.
2018 – Nazirlər Kabinetinin qərarı ilə Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi ləğv edilərək onların əsasında Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yaradılıb.
17 NOYABR
17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür. 1988-ci il noyabrın 17-də Bakıda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına etiraz olaraq fasiləsiz mitinqlər başlayıb. Mitinqlər ölkədə milli hərəkata təkan verib. 1992-ci ildə 17 noyabr Milli Dirçəliş Günü elan edilib.
1906 – Dünya şöhrətli xalçaçı alim, dekorativ sənət ustası, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimov (1906 – 9.9.1991) Şuşada anadan olub. “Azərbaycan xalçalarında ornament”, “Azərbaycan xalçası” çoxcildliyi və s. kitabların müəllifidir. L.Kərimovun təşəbbüsü ilə Bakıda Xalça Muzeyi təşkil olunub.
1927 – Yazıçı, Əməkdar jurnalist Əli İldırımoğlu (Məmişov) Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olub. Kitabları: “Közərən sətirlər”, “Qarlı gecələr” və s.
1933 – Əməkdar incəsənət xadimi, pianoçu Gülarə Əziz qızı Əliyeva (1933 – 27.7.1991) Bakıda doğulub. “Dan ulduzu” instrumental ansamblının qurucusu və rəhbəri olub. “Şüştər” rapsodiyası, “Humayun” süitası, “Bayatı-kürd”, “Şur” fantaziyalarının müəllifidir. Mədəniyyət və İncəsənət Universitetində Musiqi nəzəriyyəsi kafedrasının müdiri olub.
1954 – Əməkdar mədəniyyət işçisi Zemfira Baba qızı Babayeva anadan olub. “Azərbaycanfilm” kinostudiyasında işləyib. Bakı Bələdiyyə Teatrında truppa müdiridir.
1978 – Əməkdar artist Səməd Əmiraslan oğlu Tağızadə (1907–1978) vəfat edib. Gəncə Dövlət Dram Teatrında aktyor, truppa müdiri işləyib.
1990 – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni seçilmiş tərkibdə ilk iclası keçirilib. Məclisin deputatı Heydər Əliyevin sədrliyi ilə keçən iclasda ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırılıb.
1994 – Moskvada, İttifaqlar Evinin Sütunlu zalında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi qeyd edilib. Prezident Heydər Əliyev mərasimdə çıxış edib.
2006 – Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova (19.12.1950 – 2006) vəfat edib. Gənc Tamaşaçılar Teatrında çıxış edib. Kinoda, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
2009 – Parisdə, UNESCO-nun mənzil-qərargahında “Azərbaycan günü” çərçivəsində Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 100 illiyi münasibətilə sərgi açılıb.
2017 – Prezident İlham Əliyev “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Humanitar Forumun növbə ilə iki ildən bir keçirilməsi qərara alınıb. Hər iki forumla bağlı əlaqələndirici orqan Mədəniyyət Nazirliyidir.
18 NOYABR
1959 – Xalq artisti, müğənni Bilal Şahşirin oğlu Əliyev Salyan rayonunun Kürqaraqaşlı kəndində anadan olub. R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solistidir.
1967 – Əməkdar rəssam Vüqar Bilal oğlu Muradov Bakıda anadan olub. Əsərləri ABŞ, Fransa, Almaniya, Yaponiya, Rusiya, Hollandiya və digər ölkələrdə nümayiş olunub.
1990 – Tanınmış aktyor Əfrasiyab Məmmədov (19.3.1928 – 1990) vəfat edib. “Qızmar günəş altında”, “Koroğlu”, “Dədə Qorqud” və s. filmlərə çəkilib.
1994 – Görkəmli teatrşünas, publisist, Əməkdar mədəniyyət işçisi Qulam Məmməd oğlu Məmmədli (25.3.1897 – 1994) vəfat edib. Cənubi Azərbaycan şairlərinin (Heyran xanım, Mirzə Əli Möcüz və s.) əsərlərini toplayıb və nəşr etdirib. “Azərbaycan teatrının salnaməsi”ni yazıb.
2000 – Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 2.11.1937 – 2000) vəfat edib. Musiqili komediyaların, populyar mahnıların müəllifidir, çoxsaylı filmlərə (“Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Onun bəlalı sevgisi”, “İstintaq” və s.) musiqi yazıb.
2014 – II Bakı Beynəlxalq İdman Filmləri Festivalı işə başlayıb. Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə reallaşan festival noyabrın 20-dək davam edib.
20 NOYABR
20 noyabr Dünya Uşaq Günüdür (Universal Children’s Day). 1989-cu ilin 20 noyabrında “Uşaq hüquqları haqqında Konvensiya”nın qəbulu ilə bağlı BMT Baş Assambleyası tərəfindən təsis edilib.
1910 – Yazıçı Məmmədəli Hüseyn oğlu Tarıverdiyev (1910–1985) Ordubad rayonunun Dəstə kəndində doğulub. “Kölgəli dağ”, “Qəmküsar” pyeslərinin müəllifidir.
1930 – Tanınmış aktyor Gündüz Şəmsəddin oğlu Abbasov (1930–1995) anadan olub. “Onun böyük ürəyi”, “Bir qalanın sirri”, “Bizim küçə”, “Dədə Qorqud”, “Doğma sahillər” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Hekayələr yazıb, tərcümələr edib.
1930 – Ədəbiyyatşünas, publisist, professor, Əməkdar elm xadimi Qulu Qasım oğlu Xəlilov (1930 – 18.11.1995) anadan olub.
1935 – Xalq artisti, məşhur xanəndə Qədir Çərkəz oğlu Rüstəmov (1935 – 14.12.2011) Ağdam rayonunda anadan olub. Muğam və xalq mahnılarımızın bənzərsiz ifaçısı olub. “Üzeyir ömrü” televiziya filmində Cabbar Qaryağdıoğlu rolunda çəkilib.
1943 – Əməkdar incəsənət xadimi, rəssam Çingiz Əbdülməcid oğlu Fərzəliyev Bakıda anadan olub. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Dövlət Rəssamlıq Akademiyasının professorudur. Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür.
1947 – Pianoçu, mədəniyyət xadimi Züleyxa Qara qızı Qarayeva-Bağırova anadan olub. Bir müddət Türkiyədə yaşayıb, İstanbul Texniki Universiteti Türk Klassik Musiqisi Konservatoriyasının Fortepiano şöbəsinin müdiri işləyib. 2018-ci ildən Qara Qarayevin Bakıdakı ev-muzeyinin direktorudur.
1956 – Azərbaycan teatr sənətinin görkəmli simalarından biri, Xalq artisti Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə; 21.3.1896 – 1956) vəfat edib.
1973 – Xalq artist, pianoçu Murad Zöhrab oğlu Adıgözəlzadə Bakıda anadan olub. M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktorudur.
1975 – Bakıda Üzeyir Hacıbəylinin ev-muzeyinin açılışı keçirilib. Respublika hökuməti bu barədə hələ 1949-cu ildə qərar qəbul etsə də, muzeyin təşkili illər sonra, Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə reallaşdı.
1979 – Bakıda VIII Ümumitifaq Televiziya Filmləri Festivalı işə başlayıb.
2013 – Bakıda ilk dəfə Beynəlxalq Turizm Filmləri Festivalı işə başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival noyabrın 25-dək davam edib. Növbəti festivallar 2014 (iyun), 2016 (iyun) və 2017 (noyabr) illərdə keçirilib.
2014 – Prezident İlham Əliyev görkəmli hərbi xadim, general Əlağa Şıxlinskinin anadan olmasının 150 illiyi haqqında sərəncam imzalayıb.
21 NOYABR
21 noyabr “Dünya televiziya günü”dür. 1996-cı il noyabrın 21-də BMT-də ilk dəfə Dünya televiziya forumu keçirilib. Həmin hadisə ilə bağlı BMT Baş Assambleyası tərəfindən (17 dekabr 1996) bu gün təsis edilib.
1926 – Ədəbiyyatşünas, yazıçı-publisist Nadir İsmayıl oğlu Vəlixanov (1926– 1995) Şuşada anadan olub. Uşaq və yeniyetmələr üçün hekayə və povestlərin müəllifidir.
1952 – Əməkdar mədəniyyət işçisi Marat Fərrux oğlu İbrahimov anadan olub. S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru işləyib.
1957 – Əməkdar mədəniyyət işçisi Təranə Əhməd qızı Balayeva anadan olub. “İçərişəhər” Muzey Mərkəzinin şöbə müdiridir.
1958 – Əməkdar mədəniyyət işçisi Vaqif Zülfü oğlu Vəliyev anadan olub. Füzuli Dövlət Dram Teatrının direktorudur.
2007 – İslam ölkələri Mədəniyyət nazirlərinin Tripolidə (Liviya) keçirilmiş konfransında Bakı şəhərinin 2009-cu il üzrə “İslam mədəniyyəti paytaxtı” elan olunması barədə qərar qəbul olunub.
25 NOYABR
1901 (yeni təqvimlə 8 dekabr) – SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (1901 – 6.1.1962) Həştərxanda doğulub. 1920-ci ildə Bakıya gələrək Akademik Dram Teatrında çalışıb, Azərbaycan teatrının inkişafına mühüm töhfələr verib. Filmlərə çəkilib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşıdır.
1909 – Əməkdar artist Fateh Mirzə Möhsün oğlu Fətullayev (1909 – 4.5.1983) Lənkəranda anadan olub. Musiqili Komediya, Akademik Dram və digər teatrlarda çalışıb, “Ögey ana” (Arif), “Bir məhəlləli iki oğlan” və s. filmlərə çəkilib.
1913 – Memar, Əməkdar inşaatçı Nəsrulla Yaqub oğlu Kəngərli (1913–1991) anadan olub.
1918 – Xalq yazıçısı, Dövlət mükafatı laureatı İmran Haşım oğlu Qasımov (1918 – 20.4.1981) Bakıda doğulub. “Uzaq sahillərdə” (H.Seyidbəyli ilə birgə) povesti, “Dairəni genişləndirin”, “Sən nə üçün yaşayırsan?” pyesləri və s. əsərlərin, kinossenarilərin (“İnsan məskən salır”, “Onun böyük ürəyi”) müəllifidir. Yazıçılar İtifaqının birinci katibi (1975–1981) olub.
1935 – Əməkdar artist, xanəndə Qaraxan İmran oğlu Behbudov Ağdam rayonunun Əfətli kəndində anadan olub.
1952 – Əməkdar mədəniyyət işçisi Elmira Hümmət qızı Əliyeva anadan olub. Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktorudur.
1961 – Xalq artisti, vokalçı Əli Rəhim oğlu Əsgərov anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, beynəlxalq opera festivallarının laureatıdır.
1963 – Əməkdar mədəniyyət işçisi Rasim Ağa oğlu Ağasızadə anadan olub. Şabran rayon “Çıraqqala” zurnaçılar xalq kollektivinin rəhbəridir.
1981 – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Nazirlər Soveti Hüseyn Cavidin ev-muzeyinin yaradılması haqqında qərar qəbul edib. Qərarın icrası uzun müddət ləngidi və ədibin 1920–1937-ci illərdə yaşadığı binadakı (hazırda AMEA Əlyazmalar İnstitutu) mənzilin muzeyə çevrilməsi 1995-ci ildə Prezident Heydər Əliyevin göstərişi ilə həllini tapdı.
2010 – Prezident İlham Əliyev Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasının yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 2013-cü il aprelində teatrın binası əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.
2011 – Prezident İlham Əliyev Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasının yenidən qurulması haqqında sərəncam imzalayıb. Teatr binasının təmirdən sonra açılışı 2013-cü ilin oktyabrında keçirilib.
2015 – Prezident İlham Əliyev tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.
2016 – Prezident İlham Əliyev Azərbaycanda “Xalçaçı günü” peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 5 may “Xalçaçı günü” elan edilib.
26 NOYABR
1927 – Dilçi-türkoloq, professor, Əməkdar elm xadimi Həsən İbrahim oğlu Mirzəyev (1927–2015) Qərbi Azərbaycanın (indiki Ermənistan) Dərələyəz mahalının Qovuşuq kəndində anadan olub.
1928 – Əməkdar artist Müxlis Sabir oğlu Cənizadə (1928 – 11.12.1972) Bakıda anadan olub. Musiqili Komediya, Akademik Milli Dram teatrlarında çalışıb. “Dəli Kür”, “Yenilməz batalyon” və s. filmlərə çəkilib, filmlərin səsləndirilməsində iştirak edib.
1937 – Şair, aşıq Mirzə Bilal Mustafa oğlu Mikayılov (1872–1937) repressiya edilərək güllələnib. Ağsu rayonunda Qəşəd kəndində anadan olub.
1950 – Violonçel ifaçısı, Əməkdar müəllim Kamal Çingiz oğlu Paşazadə anadan olub. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində çalışır.
1954 – Şərqşünas, filologiya elmləri doktoru, akademik Gövhər Ağabala qızı Baxşəliyeva Bərdə şəhərində anadan olub. 1997-ci ildən AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktorudur.
1970 – Əməkdar mədəniyyət işçisi, aşıq Zülfiyyə İbadova Tovuz rayonunun Alakol kəndində doğulub.
1991 – Azərbaycanda ilk müstəqil telekanal – ANS TV (Azerbaijan News Service) fəaliyyətə başlayıb. Telekanal 2016-cı ilədək fəaliyyət göstərib.
2009 – Prezident İlham Əliyevin imzaladığı müvafiq qanunla Azərbaycan UNESCO-nun 20 oktyabr 2005-ci il tarixli “Mədəni özünümüdafiə müxtəlifiyinin qorunması və təşviqi haqqında Konvensiya”sına qoşulub.
2014 – UNESCO Hökumətlərarası Komitəsinin Parisdə keçirilən sessiyasında Azərbaycanın kəlağayı sənəti “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilib.
2015 – Bakıda İSESCO Baş Konfransının 12-ci sessiyasının açılışı olub. Təşkilatın ali orqanı olan Baş Konfransın sessiyası üç ildən bir keçirilir.
28 NOYABR
1852 – Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (1794 – 1852) vəfat edib. Gəncədə doğulub. 1840-cı ildən Tifisdə yaşayıb, müəllim işləyib, “Divani-hikmət” ədəbi məclisinə rəhbərlik edib. Burada alman şərqşünas Fridrix Bodenştedtə qəzəllərini hədiyyə edib. Bodenştedt qəzəlləri tərcümə edərək öz imzası ilə nəşr etdirib, kitab Avropada geniş yayılıb. İllər sonra o, poetik incilərin Mirzə Şəfiyə məxsus olduğunu etiraf edib.
1907 – Maarifçi, təbiətşünas alim, publisist Həsən bəy Zərdabi (Məlikov; 1842– 1907) vəfat edib. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzeti ilə Azərbaycanda milli mətbuatın əsasını qoyub.
1933 – Əməkdar artist, vokal ifaçısı Adil İbrahim oğlu Məlikov (1933 – 19.5.2009) Astara rayonunda doğulub. Akademik Opera və Balet Teatrının solisti olub.
1939 – Bəstəkar, Xalq artisti, professor Sevda Mirzə qızı İbrahimova anadan olub. Müxtəlif janrlarda əsərlərin (“Vətən şəhidləri” kantatası, “Əhval-ruhiyyələr”, “Azərbaycan təranələri” və s.) müəllifidir.
1940 – Tanınmış şair, aşıq Alqayıt Bayram oğlu Xəlilov (1940 – 12.1.2013) Qərbi Azərbaycanda (Ermənistan SSR) – Göyçə mahalının Daşkənd kəndində anadan olub.
1941 – Xalq artisti, sirk ustası, akrobat Tofiq Hüseyn oğlu Axundov anadan olub.
1943 – Əməkdar rəssam Rafael Abbas oğlu Abbasov Bakıda anadan olub. Portretlər, süjetli tablolar, natürmortlar, Abşeron və Naxçıvanın təbiətini tərənnüm edən mənzərələrin müəllifidir.
1965 – Əməkdar mədəniyyət işçisi, violin ifaçısı Rauf Eyyub oğlu Hüseynli anadan olub. Filarmoniyanın solisti, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimidir.
2018 – UNESCO Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında (Port Luis, Mavriki) Azərbaycanın təqdim etdiyi “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyası UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Həmçinin Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi “Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” nominasiya faylı təşkilatın Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına salınıb.