25.05.2022
Neftçala Rayon Heydər Əliyev Mərkəzində Neftçala Tarix-Diyarşünaslıq Muzeyinin, Neftçala Dövlət Rəsm Qalereyasının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 18 May Beynəlxalq Muzeylər Gününə həsr edilmiş “Tariximizi yaşadan məkan - muzeylər” adlı tədbir keçirilib.
Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin toplusu sektorunun müdiri, fəlsəfə doktoru Mikayıl Mustafayev, tədbirin təşkilatçıları Gülmirə Səfərova, Nigar Abdullayeva və Könül Məmmədova çıxış edərək bütün muzeyşünasları, muzeysevərləri peşə bayramı münasibətilə təbrik etdikdən sonra milli-mənəvi dəyər, milli-mədəni xəzinə olan muzeylərin tarixindən söhbət açdılar.
Mikayıl Mustafayev Neftçala rayonunun Pirəbbə kəndində Kür çayının çəkilməsi nəticəsində çayın en kəsiklərində üzə çıxan küp qəbirlər haqqında ətraflı məlumat verdi.
Sərgiyə baxış keçirildikdən sonra muzeylər haqqında film nümayiş etdirildi. Daha sonra mədəniyyət işçiləri Dürdanə Ələkbərova, Kamran Zeynalov musiqi ilə, "Xarı bülbül" rəqs dərnəyinin şagirdləri rəqs nömrələri ilə çıxış etdilər.
Sonda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı Ülkər Camalova, eyni zamanda
tədbirə dəvət alan digər ziyalılar - Bədirə Niftəliyeva, Etibar Əbilov, Rövşən Həsənov və Fərhad Baxışov muzey əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib, tədbirin təşkilatçılarına təşəkkürlərini bildirdilər.