04.06.2024
Vətən müharibəsi şəhidi Anar Vəlizadənin anası Zemfira xanım Vəliyevanın doğum günü qeyd olunub. Bu münasibətlə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Salyan rayon komitəsinin sədri Vəfa Məmmədova, Salyanın mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları rayonun Cəngən kəndindəki şəhidin evini ziyarət ediblər. İdarə rəisi Şahin Şahbazov Zemfira Vəliyevanı doğum günü münasibətilə təbrik edib, can sağlığı diləyib.
Qeyd edək ki, Zemfira Vəlizadənin oğlu, Daxili Qoşunların çavuşu, Vətən müharibəsi şəhidi Anar Vəlizadə həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. O, Vətən müharibəsinin ilk günlərindən xüsusi təyinatlıların qrupunda Qarabağa yollanıb. Cəbrayıl, Füzuli və Şuşa uğrunda gedən amansız döyüşlərdə iştirak edib. Bu döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərərək, düşmənin onlarla canlı qüvvəsini və texnikasını məhv edib. Bir neçə dəfə yaralanmasına baxmayaraq, vətən eşqi onu yenidən döyüşlərə qaytarıb. O, yaralı halda Füzulidəki döyüşlərə qatılıb. İkinci dəfə yaralanan Anarın qəhrəmanlıq sorağı bu dəfə Qubadlıdan gəlib. Yaralı olmasına baxmayaraq ağır qəlpə yarası alan onlarla döyüşçü yoldaşlarını savaş meydanından sağ-salamat çıxara bilib. Şuşa uğrunda döyüşlərə qatılan əfsanəvi igid burada üçüncü dəfə yaralanır və Şuşada qəhrəmancasına şəhid olur. Ailəli olan şəhid Anar Vəlizadənin özündən sonra Fariz və Fatimə adlı övladları xatirə qalıb. Fatimə adlı övladı Anar Vəlizadə müharibədə olarkən dünyaya gəlib və o övladının üzünü görə bilməyib. Ali Baş Komandan İlham Əliyev tərəfindən Anar Afət oğlu Vəlizadə ölümündən sonra “Şuşanın azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Qeyd edək ki, şəhid anası Zemfira Vəlizadə Salyan rayon Mədəniyyət Mərkəzinin əməkdaşıdır.