07.06.2024
Neftçala rayon Heydər Əliyev Mərkəzinin yaradılmasının 10-cu ilinə həsr olunan tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra
Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, idarə, təşkilat rəhbərləri, şəhid ailələri və mədəniyyət işçiləri iştirak edib.
Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra dahi liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib. Çıxış edən natiqlər Heydər Əliyev Mərkəzlərinin gənclərin həyatında, onların asudə vaxtlarının səmərəli təşkil olunmasındakı rolundan, onlara vətənpərvərlik kimi ümumbəşəri hisslərin aşılamasından danışıblar. Heydər Əliyevin siyasi irsinin öyrənilməsi, azərbaycançılıq ideologiyasının təbliğində Mərkəzlərinin üzərinə düşən şərəfli missiya bir daha diqqətə çatdırılıb. Həmçinin tədbirdə Heydər Əliyev Mərkəzinin fəaliyyəti, ötən illər ərzində görülən işlər, əldə olunan nailiyyətlər, uğurlar və fəaliyyət istiqamətləri haqqında iştirakçılara məlumat verilib. Neftçala rayon Heydər Əliyev Mərkəzi 10 il öncə, 28 may 2014-cü il tarixində ölkə başçısı İlham Əliyevin rayona etdiyi səfəri zamanı onun xeyir duası ilə fəaliyyətə başlayıb.
Tədbir sonra maraqlı musiqi nömrələri ilə davam edib, Salyan Dövlət Kukla Teatrının yaradıcı kollektivinin ifasında “Sülh naminə birləşək” kompozisiyası təqdim edilib.
Sonda Mərkəz ilə əməkdaşlıqda xüsusi fəallıq göstərən qurumlar və mərkəz əməkdaşları təşəkkürnamə və hədiyyələrlə təltif edilib.