14.11.2024
Noyabrın 14-də Şirvan şəhərində Lənkəran Dövlət Dram Teatrının truppasının ifasında "Prokuror" tamaşası nümayiş olunub.
Şirvan şəhər Folklor Evində nümayiş olunan tamaşanı Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri izləyiblər.
Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Məmmədhüseyn Əliyevin eyniadlı pyesi əsasında hazırlanan tamaşada gənc hüquqşünas Şöhrət Poladovun ucqar bir rayonun prokuroru kimi üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gələrək, cinayətkar dəstənin zərərləşdirilməsindən bəhs olunur.
Tamaşanın quruluşçu rejissorları Əməkdar incəsənət xadimi Oruc Qurbanov və Anar Babalı, quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı isə Miranda Qurbanovadır. Səhnə əsərində rolları Sücəddin Mirzəyev, Qızılgül Quliyeva, Allahverən Babayev, Saleh Əzimzadə, Hikmət Cəfərov, Şəbnəm Hüseynova, Əlirza Şahbazi, Vəfa Hacızadə, Teymur Hacızadə, Elvin Məmmədov və başqaları canlandırıb.