19.04.2025
18 aprel 2025-ci il tarixində Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinin şagirdləri və Bakı Musiqi Akademiyasının kamera ansamblının birgə iştirakı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim olunub. Tədbir Bakı Musiqi Akademiyasında keçirilib.
Konsert Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Regional İdarənin rəisi Şahin Şahbazov, Bakı Musiqi Akademiyasının tədris işləri üzrə birinci prorektoru, professor, Əməkdar müəllim, pedaqoji elmlər namizədi Nərminə Quliyeva, Xalq artisti, professor Gülnaz İsmayılova, əməkdar incəsənət xadimi, professor, Xalq artisti Gülbacı İmanova eləcə də Bakı şəhərində yerləşən bir sıra incəsənət və musiqi məktəblərinin müəllimləri iştirak ediblər.
Tədbir Bakı Musiqi Akademiyasının adından çıxış edən Nərminə Quliyevanın salamlama nitqi ilə açıq elan olunub. Daha sonra konsert proqramı təqdim olunub.
Konsertdə Üzeyir Hacıbəylinin "Arşın mal alan", "O olmasın, bu olsun" kimi ölməz musiqilərindən parçalarla yanaşı, Fikrət Əmirov, Arif Məlikov, Emin Sabitoğlu, Faiq Sücəddinov kimi görkəmli bəstəkarların və tanınmış dünya musiqiçilərinin əsərləri səsləndirilib.
Tədbir çərçivəsində rəqs, qarmon və tar ansambllarının ifasında müxtəlif musiqi nömrələri təqdim olunub, eyni zamanda məktəb şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi də ziyarətçilərin ixtiyarına verilib.
Tədbirin sonunda Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov çıxış edərək layihənin əhəmiyyətindən, gənc ifaçılara yaradılan imkanlardan və mədəniyyətimizin təbliğində belə təşəbbüslərin mühüm rolundan danışıb.
Bu konsert istedadlı gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, klassik musiqi irsinin təbliği və regionlarla mərkəz arasında mədəni əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib.