26.02.2026
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib.
Heydər Əliyev mərkəzləri, muzeylər, mərkəzləşdirilmiş kitabxana sistemləri, mədəniyyət mərkəzləri və musiqi məktəblərində təşkil olunan tamaşa və anım tədbirləri Xocalıda vəhşicəsinə qətlə yetirilən həmvətənlərimizin, Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirlərdə çıxış edənlər Xocalı faciəsinin tarixi, başvermə səbəbləri və ağır nəticələri barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, Xocalı soyqırımı erməni silahlı birləşmələrinin Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzün ən qanlı və faciəli səhifələrindən biridir. Vurğulanıb ki, bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönələn ağır cinayətdir.
Anım tədbirləri çərçivəsində Xocalı soyqırımına həsr olunan filmlər nümayiş etdirilib, faciə zamanı baş verən dəhşətli hadisələr və dinc əhalinin yaşadığı ağrı-acı təsirli səhnələrlə tamaşaçılara çatdırılıb.