26.02.2026
XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 34-cü ildönümü respublikanın hər yerində olduğu kimi Salyan rayonunda da izdihamla qeyd edilib.
Anım mərasimində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, həmçinin ictimaiyyət, Milli Ordunun şəxsi heyəti, şəhid ailələri iştirak ediblər.
Minlərlə ziyarətçi Şəhidlər Xatirə Parkındakı “Ana harayı” abidəsinin qarşısına qərənfillər düzüb. Mərasim iştirakçıları şəhidlərin ruhuna dualar oxuyub, ehtiramlarını bildiriblər. Sonra birinci və ikinci Qarabağ müharibəsində şəhid olan oğulların xatirəsinə yaradılan kompleks ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb. Anım tədbirində Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin də abidəsi ziyarət olunub, ruhuna dualar oxunub, ehtiram bildirilib.
Sonra Salyan rayon Heydər Əliyev Mərkəzində "Doğma torpaq" filminin nümayişi baş tutub. Rejissor İlqar Safat tərəfindən çəkilən film Azərbaycanın üç vacib mərhələsini işıqlandırır. Bunlar Ermənistanda yaşayan azərbaycanlıların öz doğma yurdlarından qovulması, birinci Qarabağ müharibəsi, xüsusən Xocalı soyqırımı və ordumuzun Vətən müharibəsindəki şanlı qələbəsidir.