Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət naziri Salyanda vətəndaşlarla görüşüb

25.05.2018

Mədəniyyət naziri Əbülfəs Qarayev 25 may 2018-ci il tarixdə Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Biləsuvar, Neftçala, Salyan və Cəbrayıl rayonlarının sakinlərini qəbul edib.

Görüşdən öncə nazir ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.

Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib.

Biləsuvar sakinləri muzeylər üçün əşyaların alınma prosedurunun sadələşdirilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Neftçaladan qəbula yazılan vətəndaşların müraciətləri rayondakı tarixi-memarlıq əhəmiyyətli qədim tikililərdən Bankə balıq kombinatının inzibati binası və rus kilsəsinin restavrasiyası, əcnəbi qonaqlara Heydər Əliyev Mərkəzində multimedia turunun təşkili üçün texniki vasitələrin alınması, rayon Mədəniyyət mərkəzinin dam örtüyünün təmir olunması, Rəsm qalereyasına yeni əsərlərin verilməsi barədə olub.

Salyan sakinləri ölkəmizdə Qarabağ Müharibəsi Muzeyinin yaradılması, rayonda ilk kütləvi qiraətxananın açılmasının 115 illik yubileyinin respublika səviyyəsində qeyd olunması, Kürsəngi kəndində xalça sexinin yaradılması, mədəniyyət ocaqlarında nümayiş olunmaq üçün yeni milli filmlərin alınması və ödənişli xidmətin genişləndirilməsi ilə bağlı təkliflərini diqqətə çatdırıblar.

Cəbrayıl rayonundan məcburi köçkünlərin müraciətləri Böyük Mərcanlı Uşaq incəsənət məktəbinə musiqi alətlərinin, Cocuq Mərcanlı kənd klubuna rəqs geyimləri və musiqi alətlərinin verilməsi və başqa məsələlər barədə olub.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.