Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Salyanda Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirildi

25.05.2018

Mayın 25-də Əli bəy Hüseynzadə adına Salyan Rayon Tarix-Diyarşünaslıq Muzeyində “İstiqlal aşiqi” adlı dəyirmi masa keçirildi. Tədbir Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində Azərbaycan ədəbi, ictimai fikrinin görkəmli nümayəndəsi Əli bəy Hüseynzadəyə (1864-1940) həsr olunmuşdu.

Mərasim “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamına əsasən Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşdi.

Tədbir iştirakçıları Əli bəy Hüseynzadənin abidəsini ziyarət etdikdən sonra böyük türkçü və Cümhuriyyətin qurucuları haqqında kitablardan ibarət sərgi ilə tanış oldular. Sərgidə Əli bəy Hüseynzadənin Türkiyədən gətirilərək Azərbaycan İstiqlal Muzeyinə hədiyyə olunmuş şəxsi əşyalarının fotoları da nümayiş etdirilirdi.

Tarix-diyarşünaslıq muzeyində başlayan tədbirdə əvvəlcə dövlət himnimiz səsləndirildi. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov giriş sözündə Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə önəmli mövqeyindən danışdı. Vurğuladı ki, ölkəmiz XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycanın müasir bir dövlət kimi inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Milli Kitabxananın direktoru Kərim Tahirov Cümhuriyyətin dövlətçilik tariximizdə müstəsna əhəmiyyətini qeyd etdi. Bildirdi ki, Xalq Cümhuriyyəti gələcək müstəqil Azərbaycanın qurulması üçün bünövrə rolunu oynayıb.

Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması yolunda keçilən çətin və şərəfli yoldan danışdı. Bildirdi ki, Azərbaycan tarixinin parlaq səhifələrindən olan Xalq Cümhuriyyəti qısa müddət yaşamasına baxmayaraq, böyük uğurlara imza atıb. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan olunub, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilib.

Nazir qeyd etdi ki, Prezident İlham Əliyevin Cümhuriyyətin 100 illik yubileyi haqqında sərəncamına əsasən ölkəmizdə və onun hüdudlarından kənarda müxtəlif tədbirlər keçirilir. Bu məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən də silsilə tədbirlər təşkil olunur.

Əbülfəs Qarayev vurğuladı ki, 1920-ci ildə ölkəmiz işğal olunduğu üçün Azərbaycan Xalq Cümhuriyyəti qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilməyib. Bununla belə, xalqımız müstəqillik ruhunu yaşadaraq 1991-ci ildə öz istiqlalına yenidən qovuşub. Müstəqil Azərbaycan Cümhuriyyətin varisi kimi öz inkişaf yolunu seçib. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirib.

Nazir böyük türkçü Əli bəy Hüseynzadənin ölkəmizin fikir tarixində önəmli şəxsiyyətlərdən olduğunu vurğuladı. Qeyd etdi ki, Əli bəyə məxsus əşyalar, sənədlər ötən il ədibin qızı Feyzavər Alpsar tərəfindən ölkəmizə hədiyyə edilib. Prezident İlham Əliyevin sərəncamı ilə Feyzavər xanım “Dostluq” ordeni ilə təltif olunub.

Əbülfəs Qarayev daha sonra Əli bəy Hüseynzadənin müəllifi olduğu rəsm əsərini rayon Tarix-diyarşünaslıq muzeyinə verilməsi üçün Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmova təqdim etdi.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov çıxışında Şərqin böyük elm xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqlarından Əli bəy Hüseynzadənin türkləşmək, islamlaşmaq, müasirləşmək ideoloji triadasının müəllifi olduğunu vurğuladı. Qeyd etdi ki, Əli bəy Azərbaycanda və bütün Türk dünyasında geniş tanındığından onun irsi türkdilli ölkələrdə həvəslə öyrənilir.

Milli Məclisin deputatları Fəzail Ağamalı, Əliağa Hüseynov, Təfəkkür Universitetinin rektoru Rahim Hüseynov çıxışlarında Cümhuriyyətin 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardığını, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə nümayiş etdirdiyini vurğuladılar. Qeyd olundu ki, Cümhuriyyətin irsinin öyrənilməsi, araşdırılması və gələcək nəsillərə çatdırılması təqdirəlayiqdir.

“Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan Əli bəy Hüseynzadənin həyat və yaradıcılığından, mübarizə yolundan geniş danışdı. Qeyd etdi ki, Əli bəy türk millətinə milli kimliyini aşılayan ilk böyük şəxsiyyətlərdəndir. O, “Türklər kimdir və kimlərdən ibarətdir?” məqaləsi ilə türk xalqlarının etnoqrafik xəritəsini cızıb. Gənc yaşlarından bədii yaradıcılıqla məşğul olub, Əhməd bəy Ağaoğlu ilə birlikdə görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi sayəsində “Həyat” qəzetini, “Füyuzat” jurnalını nəşr etdirib.

Sonda Əli bəy Hüseynzadəyə məxsus əşyaların və sənədlərin Türkiyədən ölkəmizə gətirilərək İstiqlal Muzeyinə verilməsində xüsusi xidmətlərinə görə mədəniyyət naziri Əbülfəs Qarayevə, görkəmli ədibin irsinin öyrənilməsinə və əsərlərinin nəşrinə verdiyi dəstəyə görə Təfəkkür Universitetinin rektoru Rahim Hüseynova “Əli bəy Hüseynzadə” mükafatları təqdim olundu.