Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Salyanda yeni “DAMA” art studiyası yaradıldı

10.07.2018

Biləsuvar Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Salyan rayon Mədəniyyət Mərkəzinin “Güzgü” miniatür xalq teatrı və “Hünər” sirk-estrada xalq kollektivinin bazasında yeni “DAMA” art studiyası yaradılıb. Studiyaya rayon mədəniyyət işçiləri ilə bərabər yerli həvəskar aktyorlar da cəlb olunub. “DAMA” art studiyası ilkin fəaliyyətinə müasir həyatımızı əhatə edən müxtəlif satirik, düşündürücü səhnəciklər, eləcə də mono və qısa tamaşalarla başlayacaq. Art studiyanın yaradılmasının əsas məqsədi rayonda və ətraf ərazilərdə mədəniyyət və incəsənət sahəsini daha da təkmilləşdirmək, əhalinin asudə vaxtlarını səmərəli təşkil etmək, həmçinin kreativ, yaradıcı gəncləri bir araya toplamaqdır. Salyan rayon Mədəniyyət Mərkəzində bu münasibətlə keçirilən toplantıda Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov “DAMA” art studiyasının kollektivinə uğurlar arzulayıb, əlindən gələn köməkliyi əsirgəməyəcəyini vurğulayıb, gənclərə bu yolda dəyərli məsləhətlərini verib. O bildirib ki, Salyanda uzun zaman teatr, səhnə ənənəsi olub. Bu gün həmin ənənə gənclər tərəfindən davam etdirilməlidir. Qeyd edək ki, “DAMA” art studiyasının ilk səhnə nümayişləri sentyabr ayına nəzərdə tutulub. Art studiyanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Salyan Dövlət Kukla Teatrı və başqa Dövlət Teatrları ilə iş birliyi olacağı da diqqətə çatdırılıb.