Şirvan şəhər Mədəniyyət Mərkəzi Mədəniyyət Nazirliyinin “Şəhər (rayon) Mədəniyyət Mərkəzlərinin yaradılması haqqında” 29 aprel 2015-ci il tarixli əmrinə əsasən 08 may 2015-ci il tarixdə yaradılmışdır. Mədəniyyət Mərkəzinin yaradılması üçün həmin vaxtadək Şirvan şəhərində fəaliyyət göstərmiş Mərkəzi Mədəniyyət evi, “Şirvan” Mədəniyyət evi və 10 klub baza rolunu oynamışdır. Yaradılarkən Mədəniyyət Mərkəzinin tabeliyində 1 Folklor evi, 1 Sənətkarlıq klubu , 1 Diyarşünaslıq klubu və 8 klub olmuşdur. Həmin mədəniyyət müəssisələri həm də Mədəniyyət Mərkəzinin filialları idi. Sonrakı dövrdə Mədəniyyət Mərkəzinin tabeliyində olan klublardan ikisi ləğv edilmişdir. Hazırda Mədəniyyət Mərkəzinin tabeliyində 1 Folklor evi və 8 klub fəaliyyət göstərir.Şirvan şəhər Mədəniyyət Mərkəzi xüsusi layihə əsasında tikilmiş və 14 iyul 1959-cu il tarixdə istifadəyə verilmiş üç mərtəbəli binada yerləşir. Mədəniyyət Mərkəzinin binası 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əsaslı təmir edilmişdir. Əslində bina, tamamilə, yenidən qurulmuş və bərpa olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mədəniyyət Mərkəzinin yerləşdiyi binanın əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Mədəniyyət Mərkəzinin yerləşdiyi binanın ümumi sahəsi 1200 m2-dir. Tamaşa zalında oturacaq yerlərinin sayı (lojalarla birlikdə) 270-dir. 13 dərnək otağı var və 4 inzibati otağı vardır. Mədəniyyət Mərkəzində (filiallarla birlikdə) çalışan işçilərin ümumi sayı 47 nəfərdir. Onlardan 33 nəfəri mədəniyyət işçisidir, 14 nəfəri texniki işçidir. Azərbaycanın qeyri- maddi mənəvi irsinin, qorunması, Xalq yaradıcılığının dəstəklənməsi və təbliği Şirvan şəhər Mədəniyyət Mərkəzinin yerinə yetirdiyi əsas funksiyalardan biridir. Mədəniyyət Mərkəzi və onun filiallarında 36 qeyri-maddi mədəni irs kollektivi vardır.Bu kollektivlərdən 22-si diyarşünaslığa ,12 –si folklora, 2-si sənətkarlığa aiddir.Klub müəssilərində 7 bədii özfəaliyyət kollektivi ,o cümlədən Mədəniyyət Mərkəzində “Səma” instrumental ansamblı,Folklor evində “Şirvan” instrumental ansamblı,rəqs kollektivi ,”Şirvan” klubunda “Arzu” instrumental ansamblı, ”Dədə Qorqud”klubunda instrumental ansambl ,Diyarşünaslıq klubunda ansambl və xor kollektivi vardır. Bunlardan əlavə , Mədəniyyət Mərkəzində musiqi kursları, Bayramlı qəsəbə klubunda əl işləri ,rəsm, fortepiano dərnəkləri ,Diyarşünaslıq klubunda poeziya klubu , ”Qarabağ klubunda bədii qiraət dərnəyi ,”Aran” klubunda kulinariya dərnəyi ,”Energetik” klubunda rəsm dərnəyi, Folklor evində pianino və saz dərnəkləri fəaliyyət göstərir.Qeyri-maddi mədəni irs kollektivlərində iştirakçıların sayı 415 nəfərdir. Mədəniyyət Mərkəzinin instrumental ansamblı və “Şirvan “Folklor evinin rəqs kollektivi Ankaranın Etimesqut bələdiyyəsi tərəfindən təşkil edilmiş Beynəlxalq “Anadolu günləri-9 (2012 –ci il) və Beynəlxalq “Anadolu günləri -11(2014-cü il) festivallarında Azərbaycanı təmsil etmişdir.Müxtəlif türkdilli ölkələrin və xalqların iştirak etdiyi festivallarda şirvanlıların çıxışı böyük maraqla qarşılanmışdır.Festivalın gedişi Türkiyənin bir sıra televiziya kanalları ilə canlı yayımlanmışdır.”Anadolu günləri -9” festivalında şirvanlıların çıxış etdiyi gecə təşkilatçılar tərəfindən rəsmi olaraq “Azərbaycan gecəsi” adlandırılmışdır.Şirvanlıların 2014-cü il festivalında uğurlu çıxışı barədə “Xalq qəzeti” ndə və Azərbaycan qəzetində iri həcmli materiallar dərc edilmişdir.
0212163445
shirvan-mm@mail.ru