Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Region haqqında
Tarix
|

Neftçala

Neftçalanın indiki adı burada zəngin neft və qaz yataqlarının olması ilə bağlıdır. Neftçala toponimi neft və çala sözlərindən ibarət olub "neftli çala" mənasındadır. XX əsrdə Sovet hakimiyyətinin ilk illərində Neftçala rayonu ərazisində böyük neft yataqları aşkar edildikdən sonra burada fəhlə və qullluqçular üçün Trest, Qəsəbə adlı iri yaşayış məntəqələri salınmışdır. 1952-ci ildə rayona (şəhərə) xalq arasında mövcud olmuş Neftçala adı verilmişdir. Uzun müddət bu adı 26-lar qəsəbəsi daşımışdır. Əhali arasında bura Nöyütxana da deyilirmiş. Tarixi mənbələrdə Neftçala adı Boyat, Seyidlər, Qobu, Çala, Pirətəvan adları ilə yanaşı işlədilib.Lakin buranın əvvəllər Xanqışlağı adlandırılması isə keçmişdə qışın şaxtalı günlərində yaxınlıqdakı dağlıq ərazidə yerləşən xanlıqlarınqoyun sürülərini qışlamaq üçün buraya gətirilməsi ilə bağlıdır. Rayondaki Yeniqışlaq kəndinin keçmiş adı da Xanqışlağı adlanıb. Rayon əhalisi bu kəndi hələ də Xanqışlağı olaraq adlandırır.Şirvan xanlığı (1747-1820) dövründə indiki rayon ərazisi Salyan mahalı tərkibində olub. 1868-ci ilin fevralında Bakı quberniyasıdaxilində Cavad qəzası yaradılır. Bu dövrdə isə Neftçala rayonu bu qəzanın inzibati idarəçilik və mədəni mərkəzi olan Salyanın bir parçası olur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Cavad qəzası 5 pristavlıqdan ibarət olur. Qəzanın rəisi Məhəmməd bəy Süleymanbəyov qəzanı Salyan (şəhər pristavı Hacıyev, köməkçi Xəlil Məmmədov), Xıllı-Boji Promısel (rus. Божий Промысел) kəndi (pristav Haqverdiyev, köməkçi Həsənov) Cavad, Muğan və Beləsuvar sahə pristavlıqlarının vasitəsi ilə idarə edirdi.

Xaraba şəhər

 Cənub-Şərqi Şirvan düzündə, Kür çayının mənsəbi yaxınlığında, keçmiş Nord-Ost Qoltuq kəndi ilə Bəndovan (el arasında ona Bəbduan, yaxud Bəndyuyan) burnu arasında şəhər xarabalığı vardır. Xarabalıqda həm quruda, həm də dənizdə IX-XI əsrə aid çoxlu maddi və mədəni qalıqlar nümunələri (üzəri həndəsi və nəbati naxışlarla örtülmüş şirli və şirsiz gil qab parçaları) tapılmışdır. Arxeoloji materiallar gil qabların hazırlanmasının təkcə Örənqala və Gəncədə deyil, Neftçala rayonuna da aid olduğundan xəbər verir. Bəndovanla bərabər ondan təxminən 10-12 kilometr aralıda yerləşən başqa bir şəhər də mövcud olub. Alimlərin apardığı araşdırmalar və arxeoloji qazıntılar nəticəsində hər iki şəhərdən xeyli qalıqlar tapılıb. Həmin qalıqlar suyun altından çıxarılıb və biz hissəsi Milli Parkın ərazisindəki muzeydə saxlanılır.Tarixi mənbələrdə Kür çayının mənsəbi sahəsində qədim parfiyalılara və ya azərilərə aid olunan böyük bir şəhərin olduğu barədə məlumatlar vardır. Çoxlu mülahizələrin olmasına baxmayaraq indiyədək heç kəs "Xaraba şəhər" və ya "Yunan şəhəri" adlandırılan bu şəhərin yerini tapa bilməmişdir. Deyilənlərə görə çox-çox qədimlərdə Kür çayıindiki Cəngən kəndi yaxınlığında daha bir qola ayrılırmış. Şirvan düzünə əyilib xeyli şimala doğru gedən bu qol Baba Zənan (Babazanlı) dağının cənub ətəyini yarandan sonraDirov dağının (İlan dağ) ətrafında dövrə vurub Xəzər dənizinə tökülürmüş. Həmin bu adada çox böyük bir şəhər mövcud imiş.Professor Gül "Xəzər Atlantidası" adlı məqaləsində ("Azərbaycan gəncləri" qəzeti,19 noyabr 1967-ci il) qeyd edir: "Xalq nağıl və əfsanələrindən məlumdur ki, Bakı yaxınlığında "Şəhri Yunan" adlı bir şəhər də olmuş və o Xəzərin suları altında qalmışdır". Ərəb coğrafiyaşünasları Əbu-İshaq İstəxri (950-1000 ci illər) "Dövlətlərin yolları kitabı"ndakı xəritədə, Əbu-Abdullah Məhəmməd İdrisi (1154-cü il) tərtib etdiyi xəritədə, 1375- ci ilə aid kataloniya xəritəsində və venesiyalı Fra Mauronun 1459-cu ilə aid xəritəsində Kür çayının mənsəbində şəhər olduğu göstərilmişdir. Tarixçilər burada içməli suyu olan, rəng almaq üçün boyaq kökü istehsal edilən böyük bir adanın olduğunu xəbər verirdilər. XIV əsrdən sonra bu sənədli izlər xeyli müddət itir. XVIII əsrin əvvəllərinədək çəkilən xəritələrdə Kür çayının mənsəbində heç bir yaşayış məntəqəsi göstərilmir. XVIII əsrin I yarısından etibarən Azərbaycana gəlmiş rus tarixçiləri, səyyahları, tədqiqatçıları F.Biberşteyn, S.Qmelin, Bode, B.Dorn, İ.Berezin və başqaları öz yazılarında xalq əfsanəsini təkrar edir. Abbasqulu ağa Bakıxanov 1840-cı ildə bu xarbalıqları tədqiq etmək üçün təşəbbüs göstərmişdir. Bu yerlərdə ilk ciddi axtarış 1958-ci ildə başlanmışdır. Azərbayca EA Coğrafiya İnstitunun elmi ekspedisiyasının sualtı arxeologiya qrupunun əməkdaşlarının 1968-ci ildə apardıqları tədqiqatlar da nəticəsiz qalmışdır. Neftçalalı tarix elmləri namizədi, etnoqraf Əlisəfa Məmmədovun fikrincə axtarış yerləri düzgün seçilmədiyi üçün bütün bu tədqiqatlar nəticəsiz qalmışdır. Ə.Məmmədov 1968-ci il iyun ayında bir qrup alimlə Bankə qəsəbəsindən 6-8 km aralı Nord Ost Qoltuq kəndində maddi-mədəniyyət nümunələri olan adi şirəli, bişmiş kərpicdən olan qırmızı rəngli gil qablar, anqoblanmış bədii-saxsı məmulatının irili-xırdalı qırıqlarına rast gəlmişdir. Aşkar edilmiş bu keramika nümunələri Azərbaycan Tarix muzeyində, Nizami adına Muzeydə, Azərbaycan EA Tarix İnstitutunda saxlanılan Örənqala, Qədim Gəncə maddi abidələri ilə tutuşdurulduqda eyniyyət təşkil etdiyi məlum olmuşdur. Tarix İnstitutunun və Tarix Muzeyinin elmi işçiləri bu tapıntıların IX-XIII əsrlər Azərbaycan saxsı məmulatının qalıqları olduğu qənaətinə gəlmişlər. Heç şübhəsiz neçə-neçə əsrlərdən bəri haqqında söhbət gedən "Xaraba şəhərin" yerinin ciddi tədqiq olunması Azərbaycan orta əsrlər tarixinin xeyli zənginləşməsinə kömək edə biləcək materiallar verəcəkdir.

1918-ci il hadisələri

 1918-ci il aprel ayının 21-də isə Cavad qəzasının Salyan şəhərində Sovet hakimiyyəti elan olundu. Məşədi Əzizbəyovunrəhbərliyi Bakıdan Salyana 240 nəfərlik hərbi dəstə, az sonra, aprelin 23-də isə bura Korqanovun göstərişi ilə Lənkərandan 200 nəfər döyüşçü və bir hərb gəmisi olmaqla başqa bir heyət göndərildi. Rəşid Axundovun təşkilatçılığı ilə Salyanda Qızıl Qvardiya yaradıldı. 1918-ci il 12 mayında Cavad qəzasının Xıllı kəndində Bakı Fəhlə, Qızıl Əsgər və matros deputatları Soveti İcraiyyə Komitəsinin komissarı Rəşid Cabbarovun sədrliyi ilə kəndli deputatların qurultayı keçirilmişdi. Rəşid Cabbarovun sədrlik etdiyi həmin qurultaya Nəcəfqulu Ağayevlə Ağəli Əliyev katib seçilmişdilər. "İzvestiya Bakinskoqo Soveta" 13 iyun 1918-ci il tarixli sayında bu barədə ətraflı məlumat vardır. Hələ iyun ayında da erməni-rus hərbi birləşmələri bura 2000 nəfərlik hərbi qüvvə, 12 pulemyot, 6 top, 2 hərbi və 1 nəqliyyat gəmisi ilə yeridilmişdi. Hələ üstəlik yerli yad və bədməzhəb əhali arasında əlavə səfərbərlik həyata keçirilmiş, bu hesaba da əsgəri qüvvənin sayı 6000 nəfərə çatdırılmışdı. Ordunun tərkibi 200 nəfər gəlmə rusdan, 300 nəfər iranlıdan (tarixi mənbələrdə onlar iranlı, xalqın yaddaşında şahsevənlər, türk mənbələrində isə əcəmlər olaraq bildirilir), 1500 nəfərermənidən, qalan 4000 nəfər isə yerli ruslardan (ruslar, əsasən malokanlardır-XIX əsrin sonu, XX əsrin əvvəllərində Neftçalada çar ordusunun böyük bir korpusu yerləşdirilmişdi) və yerli hümmətçilərdən ibarət təşkil olunmuşdu. Xəzər dənizindən Kür çayı vasitəsi ilə Azərbaycanın içərilərinə doğru irəliləməklə daşnak-bolşeviklər strateji mənafelərdən çıxış edirdilər. Bir tərəfdən Yevlaxkörpüsünün məhv edilməsi, bununla da Gəncə ilə Bakının arasındakı əlaqələrin kəsilməsi, digər tərəfdən isə Muğanın bol taxılehtiyatına yiyələnməklə daşnak-bolşevik qvardiyasını çörəklə təmin etmək, Bakı komissarları Sovetinin-Şaumyanın, qeyd etdiyimiz kimi, hərbi-strateji məqsədi bu idi. İlk döyüşlər Salyan ətrafında – Qaraqaşlıda baş vermişdi. Qaraqaşlı Xəzərdən Kürboyu Salyanaqədər sonuncu məntəqədir. Bunu hesaba alsaq, onda faciənin miqyası, törədilmiş genosidin əhatə dairəsi bizi xeyli sarsıdacaqdır.Kür çayına daxil planı erməni hərbi birləşmələri Bankə – Seyidlər – Uzunbabalı – Tatarməhlə – Xıllı – Abasallı – Qaralı–Qəzvinli –Qarabucaq – Surra – Ərəbbəbirxanlı – Cəngən – Qaraqaşlıya qədər hərəkət etmişdilər. Silahlı erməninin silahsız azərbaycanlı ilə təkbətək qaldığı ərazilərin adları bunlardır. 1918-ci ilin 27-28 iyununda isə Surra ilə Qarabucaq arasında çox şiddətli döyüşlər baş vermişdi. Qeyri-bərabər qüvvələrin təmsil olunduğu həmin bu döyüşdə türk-azərbaycan hərbi birləşməsi geri çəkilməyə məcbur olmuşdu. Həm də ki, bu dövüşdə erməniləri Kür çayından hərbi gəmilər müşayiət edirdi. Surra-Qarabucaq məğlubiyyətindən sonra Qafqaz İslam Ordusundan bura əlavə qüvvələr cəlb edildi: bir piyada bölüyü, bir pulemyot taqımı və bir dağ topu. Qaraqaşlıda mövqe tutan türk bölməsinin tərkibi 40 əsgərdən, 2 Maksim pulemyotundan və 2 topdan ibarət idi. Avqustun əvvəlində Bankəni tərk edən türklər burada silahlı bir bölüyün saxlanılmasını məqsədə müvafiq bilmişdilər. Türk-Azərbaycan hərbi birləşmələriBankədəki döyüşdə 11 nəfər itki vermişdi.