Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat
|

Hacıqabul

Sosial-iqtisadi göstəricilər

Rayonun sosial və iqtisadi həyatında son illər görünən yüksəliş 2012-ci ildə də davam edərək rayonun iqtisadi və sosial sahələrində qazanılmış uğurlarla bağlı olmuş, bunları əyani nümayiş etdirə makroiqtisadi göstəricilər də əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. 2012-ci ilin yekunlarına görə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 261,1 mln.manat təşkil etmişdir ki, bu da ötən illə müqayisədə 43,0% çoxdur. Ümumi məhsul buraxılışının 28,9%-i kənd təsərrüfatında, 51,5%-i tikintidə, 17,3%-i ticarət və xidmətdə, 1,2%-i sənayedə, 1,0%-i nəqliyyatda, 0,2%-i rabitədə formalaşmışdır.

Sənaye:

Rayon iqtisadiyyatının aparıcı sahələrindən biri olan sənaye sferasında məhsulun (işlərin və xidmətlərin) ümumi həcmi müvafiq ilin faktiki qiymətləri ilə 3112,9 min manat təşkil etmiş, əvvəlki illə müqayisədə sənayedə məhsulun həcmi 4,3% artmışdır. Sənayenin mişardaşı, qum-çınqıl, çörək məmulatları, kərpic, metlax, plastik qapı-pəncərə, meyvə şirəsi emalı, eləcə də su, təbii qaz, elektrik enerjisi, buxar təchizatı sahələri inkişaf etmişdir.

Nəqliyyat:

Son illərdə azad sahibkarlıq mühitinin getdikcə formalaşması yeni nəqliyyat xidməti vahidlərinin yaranmasına təkan vermişdir. Buda rayondakı nəqliyyat xidmətinin böyük hissəsinin yeni yaradılmış sahibkarlıq subyektlərinin üzərinə yüklənməsinə səbəb olmuşdur. 2013-cü ilin əvvəlinə rayonda 4425 ədəd avtomobil mövcud olmuşdur ki, bunlardan da 80,0%-i minik, 17,2%-i yük avtomobilləri , 2,0%-i sərnişin avtobuslarıdır. Hacıqabulda hər 100 ailəyə 28 şəxsi minik avtomobili düşür. 2012-ci il ərzində avtomobil nəqliyyatı vasitəsilə rayonda 218,0 min ton yük, 4396 min nəfər sərnişin daşınmışdır. Əvvəlki illə müqayisədə yükdaşınmadarı 7,4%, sərnişindaşınmadan 11,8% artmışdır. Bakı-Qazax, Bakı-Gəncə, Bakı-Böyükkəsik qatarlarının rayon ərazisindən keçməsi daşınmaların müəyyən hissəsinin dəmir yolu nəqliyyatının üzərinə düşməsinə səbəb olmuşdur.
Rayonda poçt daşınmalarını Hacıqabul mərkəzi poçt filialı həyata keçirir. Son illərdə poçt xidmətlərinin keyfiyyətini artırmaq məqsədilə kənd yaşayış məntəqələrində yeni poçt bölmələri üçün binalar tikilmişdir.

Kənd təsərrüfatı:

Hacıqabulun iqlim şəraiti kənd təsərrüfatının heyvandarlıq, taxılçılıq, tərəvəz və bostançılıq, meyvə və üzümçülük, pambıqçılıq sahələrinin inkişaf etdirilməsinə imkan verir. Kür və Pirsaat çaylarının ərazidən keçməsi, rayon ərazisində geniş otlaq sahələrinin mövcudluğu əhalinin kənd təsərrüfatının qeyd edilən sahələrində fəaliyyətinə zəmin yaratmışdır. İstehsal edilən kənd təsərrüfatı məhsullarının böyük hissəsi rayonun əhali və fermer təsərrüfatlarının payına düşür. Bundan başqa rayonda 2 iri - "Hacıqabul Quşçuluq" Şirkəti və "Pirsaatçay Quşçuluq" ASC quşçuluq müəssisələri fəaliyyət göstərir ki, bunlar da nəinki rayon əhalisinin, eləcə də Respublikanın digər yaşayış yerlərinin əhalisinin bir hissəsinin yumurtaya olan tələbatını ödəyir. 2012-ci ildə 11650 hektar taxıl, 727 hektar tərəvəz, 1618 hektar bostan, 86 hektar qarğıdalı, 78 hektar günəbaxan, 28 hektar kartof əkilmişdir. Kənd təsərrüfatı məhsulu kimi son məhsul ilində 34827 ton taxıl, 18933 ton tərəvəz, 23875 ton bostan, 277 ton qarğıdalı, 102 ton günəbaxan, 306 ton kartof məhsulu yığılmışdır. Bundan başqa bağlardan hər il orta hesabla 9,0-10,0 min ton meyvə, 245 ton üzüm yığılır. Hacıqabul rayonunda aparılan məqsədyönlü islahatlar nəticəsində heyvandarlıq sahəsində də ciddi nailiyyətlər əldə olunmuşdur. Belə ki, heyvanların baş sayı islahat dövründə artmış, iri buynuzlu mal-qaranın sayı 36,8 min başa, xırda buynuzluların sayı isə 131,0 min başa çatmışdır. Rayonun təsərrüfatlarında 1,9 mln.başa yaxın quş saxlanılır. Ana inək və camışların sayı 15,5 min başa qədər artmışdır. Rayonun əhali və fermer təsərrüfatlarında hər il orta hesabla 5,0-6,0 min ton diri çəkidə ət, 16 - 17 min ton süd, 100-200 mln.ədəd yumurta, 221 ton yun istehsal olunur. Əhalinin ət, süd və yumurtaya olan tələbatı rayondaxili istehsal gücünə demək olar ki, tam ödənir. Bakı şəhərinə və qonşu rayonlara süd və yumurta məhsulları çıxarılır.

Rabitə:

Hacıqabul rayonunda rabitə xidmətlərini rayon Telekommunikasiya Qovşağı həyata keçirir. İlin əvvəlinə əhalinin telefon təminatını inkişaf etdirmək üçün 6036 nömrə tutumuna malik olan 13 ATS fəaliyyət göstərmişdir. Əsas telefon aparatlarının sayı ötən illə müqayisədə 1,6 % artaraq 5486 nömrə təşkil etmiş, onların 95,7 %-i əhalinin istifadəsinə verilmişdir. Rayonda hər 100 ailədən 39-nun telefon təminatı vardır. 2012- ci ildə rabitə müəssisələri tərəfindən rayon əhalisinə və təşkilatlara 397,2 min manatlıq xidmətlər göstərilmişdir. Ötən ilə nisbətən rayonda rabitə xidmətlərinin həcmi 16,6 % artmışdır.

Əhalinin pul gəlirləri, istehlak bazarı:

Ötən 2012-ci ildə Hacıqabul rayonunda əhalinin pul gəlirləri 233,7 mln.manat olmuş, adambaşına düşən pul gəlirinin həcmi 3402,1 manat təşkil etmişdir. Əvvəlki illə müqayisədə əhalinin pul gəlirləri 23,5 % artmışdır. Rayonda 2012-ci il ərzində əhaliyə 16978,9 min manatlıq müxtəlif pullu xidmətlər göstərilmişdir. Əvvəlki illə müqayisədə xidmətlərin həcmi 17,1 % artmışdır. Hər rayon sakininə düşən pullu xidmətin həcmi 245,4 manat olmuşdur. Ümumi pullu xidmətlərin 22,2 %-i məişət xidmətləri olmuşdur. 2012-ci ildə rayon ərazisində 140490,2 min manatlıq pərakəndə əmtəə dövriyyəsi reallaşdırılmışdır. Əvvəlki illə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin fiziki həcmi 17,0 % artmışdır. Rayonda muzdla işləyənlərin sayı 6,5 min nəfər, bir muzdlu işçinin orta aylıq əmək haqqı 251,0 manat olmuşdur. Əvvəlki illə müqayisədə orta aylıq əmək haqqı göstəricisi 5,7% artmışdır.

 

Tikinti:

Respublikanın bütün rayonlarında olduğu kimi Hacıqabul rayonunda da təmir-tikinti və yol tikinti işlərinə xüsusi diqqət yetirilir. Bu sahədəki işlər Respublika Prezidentinin regionların Sosial-iqtisadi inkişaf proqramlarının təsdiqindən sonra daha da intensivləşmişdir. 2012-ci ildə bütün maliyyə mənbələri hesabına Hacıqabul rayonunda 20363,7 min manatlıq əsas fondlar istifadəyə verilmiş, iqtisadiyyatın və sosial sahələrin inkişafına əsas kapitala 137657,5 min manatlıq investisiyalar yönəldilmişdir. Ümumi investisiyaların 97,6 %-i tikinti-quraşdırma işlərinə istiqamətlənmişdir. 2012-ci ildə adambaşına düşən investisiyaların həcmi 1988,6 manat təşkil etmişdir. 2012-ci il ərzində Hacıqabul rayonunda 19,1 min kv.m yaşayış sahəsi, 900 şagird yerlik məktəb binaları istifadəyə verilmişdir. 2012- ci ildə Hacıqabul rayonunda qeydiyyatdan keçmiş tikinti təşkilatları öz gücləri ilə 6118,7 min manatlıq təmir-tikinti işləri yerinə yetirmişlər. Əvvəlki ilə nisbətən görülən işlərin həcmi 81,8 % artmışdır. 2012-ci ildə rayon Statistika idarəsinin yeni inzibati binası, İxrac Boru Kəmərləri Mühafizə İdarəsinin yeni tədris korpusu, Hacıqabul şəhərinin girişində „Bayraq Meydanı" tikilib istifadəyə verilmişdir.

Makroiqtisadi göstəricilər:

   2012-ci il   Əvvəlki ilə nisbətən,
%-lə
 Sənaye məhsulunun həcmi 3112,9 104,3
 Əsas kapitala investisiyalar 137657,5 182,3
 Nəqliyyat sektorunda yük daşınması, min ton 218,0 107,4
 Rabitə xidmətlərinin həcmi 397,2 16,6
 Pərakəndə əmtəə dövriyyəsi 140490,2 117,0
 Əhaliyə göstərilən pullu xidmətlər 16978,9 117,1
 Əhalinin pul gəlirləri 233747,9 123,5
 Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı, manat 251,0 105,7
 İşsiz statusu verilmiş şəxslərin sayı (01.01.2013-ci ilə) 533 91,4